×
A
A
A
Sazlamalar

COP28-in prezidenti: Qazıntı yanacağından istifadənin azaldılması labüddür

Bakı, 9 iyun, AZƏRTAC
Bu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək COP28 iqlim sammitinin prezidenti, Əbu-Dabi Milli Neft Şirkətinin (ANOC) sədri Sultan Əl-Caber bildirib ki, gələcəkdə qazıntı yanacağından istifadənin azaldılması labüddür
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, Sultan Əl-Caber COP28 iqlim sammiti ərəfəsində texniki məsələlərin müzakirəsi zamanı deyib: “Bunun başvermə sürəti enerji təhlükəsizliyini, yanacağa əlçatanlığı və onun ucuzluğunu təmin etməklə yanaşı, sıfır karbon alternativlərini nə qədər tez artıra biləcəyimizdən asılıdır. 2030-cu ilə qədər bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyi və hidrogen istehsalının ikiqat artırılması ilə bağlı yol xəritəsi hazırlanıb”.
Ekspertlər ən böyük neft ixracatçısı olan BƏƏ nazirinin qazıntı yanacağından istifadənin azaldılması haqqında fikirlərini iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm addım adlandırıb.
Afrika iqlim və enerji analitik mərkəzi olan “Power Shift Africa”nın direktoru Mohammed Adou jurnalistlərə müsahibəsində bildirib ki, Əl-Caber qazıntı yanacağından istifadənin mərhələli şəkildə dayandırılmasının labüdlüyünü etiraf etməkdə haqlıdır. O əlavə edib: “Narkotiklərdən asılılıq kimi, qazıntı yanacağından qurtulmaq, bu sahədə yaxşılaşmağa başlamaq istəyiriksə, təmiz hidrogen, günəş və külək enerjisi istehsalı sahəsində qətiyyətli addımlar atmalıyıq”.
2021-ci ildə Qlazqoda və 2022-ci ildə Şarm Əl-Şeyxdə keçirilən iqlim sammitlərində qazıntı yanacaqlarından imtina edilməsinə dair ÇNL qətnamələrinin yaxşı fürsət olduğunu qeyd edən Mohammed Adou vurğulayıb: “Bütün qazıntı yanacaqlarından istifadənin tamamilə dayandırılması ilə bağlı razılığın əldə edilməsi ekoloji hədəflərə nail olmaq üçün vacibdir və bu, dünyaya həmin fazanın sürətini və miqyasını dəqiq şəkildə işləməyə imkan verir”. Onun sözlərinə görə, qazıntı yanacaqlarından istifadəyə xaotik son qoyulması müsbət nəticələr verməyəcək, əksinə, idarə olunan mərhələli proses BƏƏ kimi neft və qaz ixracatçıları üçün yaxşı imkanlar yaradacaq. Analitik mərkəzin rəhbəri deyib: “Təmiz enerji dalğası gəlir, ölkələr ya bu dalğada üzəcək, ya da onun tərəfindən yuyulub aparılacaq”.
Sultan Əl-Caber Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə karbon tutma sistemlərinin mövcud olduğu hallar istisna olmaqla, qazıntı yanacaqlardan imtina etməyə çağıran bəyanat imzalayıb. Tərəflər arasında danışıqlarda müxtəlif düşərgələr arasında yaxın aylarda mümkün kompromislərə də işarə edilib.
Əl-Caber keçən ay Almaniyada keçirilən tədbirdə deyib: “Biz mədən yanacaq emissiyalarını mərhələli şəkildə ləğv etməyə, eyni zamanda həyat qabiliyyətli, əlverişli sıfır karbon alternativlərini artırmağa diqqət yetirməliyik”. Bu bəyanat o zaman neft və qazdan istifadənin müdafiəsi kimi şərh edilmişdi, çünki karbon tutma texnologiyası hələ kifayət qədər inkişaf etməmişdi. Bonn danışıqlarında qazıntı yanacağından istifadədən mərhələli çıxış, onların yandırılmasının qlobal istiləşmənin əsas amili olduğuna işarə edən fəallar və ekspertlər arasında müzakirələrə üstünlük verilib. Həmin danışıqlar zamanı ekoloji fəallar enerji firmalarının iqlim danışıqlarından çıxarılmasını tələb edən etiraz aksiyaları da təşkil ediblər.

Ekologiya 2023-06-09 14:54:00