Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesajdır
Ağcabədi, 9 iyun, AZƏRTAC
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi əslində Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesajdır. Bəyannamənin preambulasında Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, dostluq və əməkdaşlıq müqaviləsinə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bir daha təsdiqlənir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə çatdıraraq, Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək.
Bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov AZƏRTAC-a açıqlamasında deyib.
İlqar İlyasov bildirib ki, iki il öncə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin bugünkü və gələcək əməkdaşlığına ciddi töhfələr verir. Dünyada gedən qlobal proseslər iki qardaş ölkənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zərurətə çevirib. Çünki dünyada baş verən prosesləri tənzimləməyə məsul olan böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin edilməsində səmərəli addım atmır. Həmin qurumlar çox vaxt ikili standartlara əsaslanan siyasət yürüdərək öz maraqlarına uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması deməkdir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Məsələn, türkdilli ölkələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşərək bu ittifaqı daha səmərəli etməyə çalışırlar.
“Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən, onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın ölçüsü, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə də əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da Bəyannamədə əksini tapan mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində qeyd olunub. Yaxın gələcəkdə baş tutması gözlənən Zəngəzur dəhlizi layihəsi Türkiyə və Azərbaycan arasında inteqrasiya prosesini sürətləndirəcək. Həmçinin Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmir və avtomobil yolları ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması Şuşa Bəyannaməsində əksini tapdığı kimi, strateji perspektivləri də təmin edir”, - deyə İ.İlyasov vurğulayıb.
Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Tərtərdə ağacəkmə aksiyası keçirilib
Naxçıvanda dövlət orqanlarını təmsil edən məsul əməkdaşlar üçün təlimlərə start verilib
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar VİDEO