×
A
A
A
Sazlamalar

TKTA rəhbəri: Sumqayıt Dövlət Universitetinin akkreditasiya nəticəsi “qismən uyğundur” hesab edilib

Bakı, 9 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclasında bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bunu brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.
Ü.Səttarova bildirib ki, müzakirənin yekununda baş tutmuş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsi “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.
“Qaydalara uyğun olaraq institusional akkreditasiyası 2023-cü təqvim ilində nəzərdə tutulmuş Naxçıvan Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək Şurada səsverməyə qoyulub və institusional akkreditasiyanın keçirilməsinin 2024-cü təqvim ilinə təyin edilməsi barədə müvafiq qərar qəbul edilib.
Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edib. Şuranın iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, tabeliyində təhsil müəssisəsi olan nazirliklər, təşkilatlar və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Elm və təhsil 2023-06-09 14:39:00