×
A
A
A
Sazlamalar

“Əmir Əlişir. Həyatı və yaradıcılığı” kitabı Azərbaycan dilində çap olunub

Bakı, 9 iyun, AZƏRTAC

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şöhrət Siracəddinovun “Əmir Əlişir. Həyatı və yaradıcılığı” kitabı “Elm və təhsil” nəşriyyatında Azərbaycan dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, əsəri özbək dilindən tərcümə edən Gülbahar Aşurova, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Almaz Ülvi Binnətova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunub.
Müstəqillik illərində böyük özbək şair və mütəfəkkir, dövlət xadimi Əlişir Nəvainin tərcümeyi-halı, həyat və fəaliyyətinin yenidən öyrənilməsi zərurətindən ilkin əlyazma mənbələrinə bir daha nəzər salınaraq tam şəkildə yazılmasına ehtiyac oldu. Bu səbəbdən monoqrafiyada ХХ əsrə qədər yazılmış mənbələrdəki məlumatlarla ilkin məlumatlar arasındakı fərqlilik dərəcəsi müqayisəli-tipoloji və mətnşünaslıq təhlili vasitəsilə müəyyən edilib. Əlişir Nəvainin həyat və yaradıcılığının bəzi naməlum məqamları aydınlaşdırılıb. Tədqiqatların nəticəsi olaraq, əldə edilən bir sıra yeni məlumatlar şairin həyatını tam təsəvvür etməyə imkan verir. Kitabda Şöhrət Siracəddinov bu istiqamətdəki uzunmüddətli araşdırmalarının və təhlillərinin nəticələrini qısa və xronoloji ardıcıllıqla verib.
Qeyd edək ki, Özbəkistan nəvaişünaslıq elmi məktəbinin görkəmli nümayəndəsi Şöhrət Siracəddinov Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunan bir sıra monoqrafiyaların müəllifidir.

Elm və təhsil 2023-06-09 13:32:00