×
A
A
A
Sazlamalar

Gədəbəydə “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb

Bakı, 9 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.

 

 

Sosial 2023-06-09 12:53:00