×
A
A
A
Sazlamalar

Misirdə köpəkbalığı rusiyalı turisti öldürüb

Bakı, 9 iyun, AZƏRTAC

Misirin Hurqada kurort şəhərində rusiyalı turist Qırmızı dənizdə üzərkən köpəkbalığının hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, Misirin Ətraf Mühit Nazirliyinin məlumatında “pələng köpəkbalığı” adlanan yırtıcının rusiyalı turisti öldürdüyünü bildirib. Nazir Yasmin Fuad jurnalistlərə müsahibəsində deyib ki, insidentlə bağlı təhqiqat aparılır və dənizdə turistlər üçün olan təhlükənin miqyasını aşkar etmək məqsədilə Hurqada kurortunun rəsmilərinə təlimat verilib.
Nazirlik iki gün müddətinə Hurqada sahili boyu dənizə girməyi qadağan edib və növbəti elana qədər bütün çimərlik fəaliyyətlərini, o cümlədən su idman növlərini, skuterlərin hərəkətini dayandırıb. Vətəndaşlara və əcnəbi turistlərə bu qaydalara ciddi riayət etməklə bağlı müraciət edilib.
Rusiyanın Misirin Hurqada şəhərindəki konsulluğunun məlumatına görə, həlak olan şəxs 24 yaşlı V.Popov adlı Rusiya vətəndaşıdır. Diplomatik nümayəndəlik RF vətəndaşlarına müraciət edərək, onları dənizdən uzaq durmağa və Misirin hakimiyyət orqanlarının təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.

Dünya 2023-06-09 12:57:00