×
A
A
A
Sazlamalar

Taxıl biçini-2023: Respublika üzrə arpa sahələrinin 23 faizində biçin başa çatıb

Bakı, 9 iyun, AZƏRTAC

Respublikanın bölgələrində arpa biçini davam edir. Hazırda 38 rayonun əsasən dəmyə ərazilərində arpa biçini aparılır. Bu günədək sahələrdən 247 min 258 ton arpa yığılıb. Arpa sahələrinin təxminən 23 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 27,3 sentner təşkil edir.
Bunu AZƏRTAC-a açıqlamasında “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov deyib.
Bildirib ki, biçin prosesinin ilk başladığı rayonlardan olan Salyanda payızlıq əkinlər dövründə 8656 hektar sahədə arpa əkilib. Bu günədək sahələrin 50 faizindən çoxunda arpa biçini yekunlaşıb. Sahələrdən 16517 ton məhsul yığılıb, arpa üzrə orta məhsuldarlıq 35.1 sentner təşkil edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Salyan rayonuna digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.
“Hazırda Salyanda biçin prosesinə 45 kombayn cəlb olunub. Bunlardan 20-si “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Neftçalaya 7 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 18 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır.
Hazırda respublikanın 38 rayonunda arpa biçini davam edir. Bu günə qədər 90444 hektar sahədə arpa biçini başa çatıb. Sahələrin 29 min 72 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Biçin prosesi davam edir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400015,2 hektarı isə arpa sahəsidir.

Regionlar 2023-06-09 12:49:00