×
A
A
A
Sazlamalar

“Qara pişik, ağ şanı” sənədli filmi beynəlxalq proqramda

Bakı, 9 iyun, AZƏRTAC

Gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsi Gürcüstanda keçirilən beynəlxalq mentorluq proqramında yer alıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, proqramın sonunda yaradıcı heyət – rejissor Ələmdar Faiq və prodüser Türkan Hüseyn layihəni beynəlxalq münsiflərə (festival proqramçıları, fondlara) təqdim ediblər.
“Qara pişik, ağ şanı” Ələmdar Faiqin ilk tammetrajlı sənədli filmidir. Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsindən bəhs edir. Burada Füruzə öz üzüm bağında üzümçülüklə məşğul olur, həmçinin həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.
Qeyd edək ki, film “Sinema Verite” üslubunda olacaq. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı filmə kiçik maliyyə dəstəyi ayırıb.

Mədəniyyət 2023-06-09 12:42:00