×
A
A
A
Sazlamalar

Moskvada kinorejissor Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub

Moskva, 9 iyun, AZƏRTAC
Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar mədəniyyət işçisi, kinorejissor, ssenarist, fotoqraf və rəssam Tofiq Şahverdiyevin yaradıcılıq axşamı olub.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Azərbaycan nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası çıxış ediblər.
Tofiq Şahverdiyev Rusiya Rəssamlar İttifaqı, Rusiya Kinorejissorlar Gildiyası, Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının üzvü, bir çox beynəlxalq mükafatların, o cümlədən “Qızıl göz” mükafatının laureatıdır.
Yaradıcılıq axşamı çərçivəsində iyunun 30-dək davam edəcək T. Şahverdiyevin fotoqrafiya işlərindən ibarət sərgi açılıb, onun “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” qısametrajlı filmləri nümayiş etdirilib.
Tədbiri açan kitabxananın direktoru Pavel Kuzmin Heydər Əliyev Fonduna və Azərbaycan Mədəniyyət Mərkəzinə əməkdaşlığa görə təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevin fotoşəkillərinə tamaşa etdikdə, hamıya yaxşı tanış olan “Baharın on yeddi anı” filmindən mahnının sürətlə ötən anlar haqqında sözlərini xatırlayırsan. İnsanın həmin anları tuta bilməsi böyük xoşbəxtlikdir. Bu, çəkdiyi fotoşəkillərdə öz daxili dünyasını dərk etmək bacarığıdır və əsl incəsənətdir. Başa düşünürsən ki, hər bir insanın qəlbi, hissləri və emosiyaları var. Bizi birləşdirən də bunlardır. Bizim üçün açdığınız sənət dünyanıza, qəlbinizə görə təşəkkür edirik”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar rəhbəri Tamilla Əhmədova əməkdaşlığa görə kitabxana rəhbərliyinə təşəkkür edərək bildirib ki, bu gün təqdim edilən birgə iş Rusiya ilə Azərbaycan arasında böyük dostluğa olan kiçik töhfədir. O əlavə edib: “Fotoqrafiya incəsənət Olimpində onuncu muza olmalıdır. Bu, təkcə kağız üzərində təsvirdən ibarət deyil, həm də bizim tariximizdir. Eynşteyn təsadüfən deməyib: “Fotoqrafiyanın olması bir xoşbəxtlikdir, çünki dünən yaşadığımız an bizim üçün gələcəyə açılan bir qapıdır”. Tofiq Rzaqulu oğlu bu peşənin əsl ustasıdır. Onun təkrarolunmaz üslubu, manerası var. Sizin onun əsərlərinə diqqətlə baxmaq imkanınız olacaq və görəcəksiniz ki, onlarda dinamika və işıqların oyunu var. O, bizim hər birimizin yanından keçərək görə bilməyəcəyimiz məqamları qeydə almaq sahəsində hansısa qeyri-adi hissiyyata malikdir. İstedadlı insan bütün sahələrdə talantını göstərir. Fotoqrafiya ilə yanaşı, o, əla filmlər də çəkir. Mənim üçün xoşdur ki, siz bu gün onun üç ekran əsəri – “Lahıc”, “Bakı” və “Sülh hərbi musiqisi” filmlərinə tamaşa edəcəksiniz. Sonuncu film xüsusilə aktualdır. Bu ekran əsəri hərbi formada olan insanların silah deyil, musiqi notlarının dili ilə danışa biləcəyi haqqındadır”.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu mərkəzin həyata keçirdiyi layihələrə hərtərəfli dəstəyinə görə Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürünü bildirib. O deyib: “Tofiq Şahverdiyevi mədəniyyət mərkəzinə Tamilla Əhmədova gətirib və məhz o, hazırda burada gördüyümüz bütün gözəlliklərin təşəbbüskarıdır. Bu gün biz ustad və rəssamla tanış oluruq. Mənə elə gəlir ki, Uilyam Tekkereyin fotoqrafiya haqqında fikirləri Tofiq Şahverdiyevin yaradıcılığına ideal şəkildə uyğun gəlir: “Fotoqrafiya sənəti tanış olanı yeni məzmunda, yeniliyi isə tanış kimi təqdim etməkdir”.
Tədbirin təşkilatçılarına və qonaqlara yaradıcılığına göstərdikləri diqqətə görə minnətdarlıq edən Tofiq Şahverdiyev deyib: “Mən özümü həm azərbaycanlı, həm də rus kimi hiss edirəm. Ona görə də birinci iki filmimi Azərbaycanda, qalanları isə Rusiyada lentə almışam”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2023-06-09 12:36:00