×
A
A
A
Sazlamalar

Ombudsmanla bağlı Konstitusiya Qanununa dəyişikliklər təsdiqləndi

Bakı, 9 iyun, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə əsasən ombudsmanla bağlı Konstitusiya Qanununa dəyişiklikləri ikinci səsvermədə təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı müvəkkilin hüquqları artırılır.
Layihəyə əsasən, müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.
Eyni zamanda, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
Həmçinin müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində müvəkkilə təqdim edilməlidir.
Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ombudsman haqqında Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır.
Həmçinin müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır.
Qanuna əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda, Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.
Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Siyasət 2023-06-09 11:50:00