×
A
A
A
Sazlamalar

Almaniyada Qafqazla bağlı xəbər portalı yaradılıb

Bakı, 9 iyun, AZƏRTAC

Almaniyada ölkəmizin və Cənubi Qafqaz regionu həqiqətlərini alman dilində və dolğun şəkildə yerli ictimaiyyətə çatdıracaq Kaukasusspiegel.de (“Qafqazın güzgüzü”) müstəqil xəbər platforması fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Alman-Azərbaycan Mədəniyyət Evinin sədr müavini Altay Rüstəmli bildirib ki, saytın yaradılmasında başlıca məqsəd Cənubi Qafqaz regionunu almandilli auditoriyaya daha yaxından tanıtmaqdır. Regiondakı ölkələr arasında əsasən ayrı-seçkilik siyasətini təbliğ edən Almaniyanın aparıcı KİV-lərindən fərqli olaraq, Kaukasusspiegel.de portalında qərəzə, ikili standartlara və ajiotajlara yer olmayacaq.
Onun sözlərinə görə, portalda yayımlanan xəbərlər, məqalələr, köşə yazıları və videomateriallar birtərəfli və uydurulmuş narrativlərə deyil, real faktlara əsaslanır. Regional münaqişələr mövzusunda ümumi məlumatlarla yanaşı, beynəlxalq hüququn müddəalarına, mötəbər beynəlxalq təşkilatların qətnamələrinə və hesabatlarına istinad edilir. Çünki bu aspektlər Almaniya mediasında adətən və bilərəkdən gizlədilir. Bundan başqa, portalda sosial həyatın bütün sahələri əhatə ediləcək.
Qeyd olunub ki, artıq portalın sosial şəbəkələrdəki səhifələrinin izləyicilərinin sayı artmaqdadır və oxucular yayılan xəbərlərin müzakirəsində fəal iştirak edirlər.

Siyasət 2023-06-09 04:30:00