×
A
A
A
Sazlamalar

Fransalı senator Azərbaycanın regionda yaratdığı reallıqlar barədə məlumatlandırılıb

Paris, 9 iyun, AZƏRTAC

Milli Məclisin Azərbaycan–Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Fransa Senatında keçirilmiş görüşdə səfir Leyla Abdullayeva və səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova da iştirak ediblər.
Görüşdə Soltan Məmmədov fransız senatora Azərbaycanın regionda yaratdığı reallıqlar haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan Prezidenti postmünaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Ölkəmiz regionda sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə səylərini əsirgəmir.
S. Məmmədov Azərbaycanla bağlı yanlış məlumatların yayılmasından təəssüfləndiyini bildirərək, belə xəbərlərin sülh prosesinə əngəl yaratmaq məqsədi daşıdığını deyib. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduqlarını qeyd edib. Deputat ölkəmizlə bağlı həqiqətlərin çatdırılması baxımından iki ölkənin parlamentariləri arasında təmasların əhəmiyyətini vurğulayıb.
Senator K. Kambon regiondakı vəziyyətdən xəbərdar olduğunu deyib. Bildirib ki, ilk növbədə, Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsi ilə bağlı razılığa gəlməlidirlər. İki ölkə arasında sülhün bərqərar olmasına digər dövlətlər sadəcə yardımçı ola bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Siyasət 2023-06-09 02:44:00