MDB-də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün spartakiadalar keçiriləcək
Bakı, 8 iyun, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mütəmadi əsaslarda spartakiadalar keçiriləcək. AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu qərar Müstəqil Dövlətlər Birliyi Hökumət başçıları Şurasının iyunun 8-də Soçi şəhərində keçirilmiş iclasında qəbul olunub.
Spartakiadalar dörd ildən bir, qış və yay idman növləri üzrə ayrı-ayrılıqda keçiriləcək. İlk yarışların 2024-cü ildə qış idman növləri üzrə, 2026-cı ildə isə yay idman növləri üzrə keçirilməsi təklif olunur.
Spartakiadanın mütəmadi olaraq keçirilməsi sağlamlıq imkanları məhdud olan insanları bədən tərbiyəsi və idmanla sistematik məşğələlərə cəlb etməyə, onların fiziki və mənəvi tərbiyəsini, idman bacarıqlarının artırılmasını və yarışlarda iştiraketmə təcrübəsi əldə edilməsini təşviq etməyə imkan verəcək.
Spartakiada haqqında Əsasnamənin layihəsi Rusiya tərəfindən işlənib hazırlanıb və bütövlükdə Birlik ölkələrinin Bədən tərbiyəsi və idman Şurası tərəfindən təsdiq edilib, həmçinin bu yarışların təsis edilməsi haqqında Qərarın layihəsi Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirləri Şurasının yaz sessiyasında qəbul olunub.
Spartakiada proqramlarına Paraolimpiya və Surdolimpiya (deflimpiya) idman növləri üzrə idman yarışlarının daxil edilməsi gözlənilir. Bundan başqa, spartakiadaların idman tərkib hissəsi yarışların keçirildiyi ölkənin mədəni və tarixi dəyərləri ilə tanışlıqla tamamlanacaq. Spartakiadanın təşkilatçılarının qərarına əsasən, start iştirakçıları üçün elmi-praktiki tədbirlər də keçiriləcək.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb