×
A
A
A
Sazlamalar

Maykl Pens ABŞ prezidenti seçkilərində iştirak edəcək

Bakı, 7 iyun, AZƏRTAC

ABŞ-ın sabiq vitse-prezidenti Maykl Pens 2024-cü ildə dövlət başçısı postuna seçkilərdə iştirak edəcəyini rəsmən elan edib.
AZƏRTAC xəbər verir ki, Maykl Pens bu barədə tviter hesabında paylaşdığı videoda bildirib.
“Kənarda qalmaq daha asan olardı. Lakin mən belə tərbiyə almamışam. Bu gün Allah və ailəm qarşısında ABŞ prezidenti seçkilərində iştirak edəcəyimi bildirirəm”, - deyə Maykl Pens qeyd edib.
Birləşmiş Ştatların sabiq lideri Donald Tramp administrasiyasında vitse-prezident postunu tutan Maykl Pens ABŞ-ın hazırkı dövlət başçısı Cozef Baydeni və “radikal solçuları” dövləti həm daxildə, həm də beynəlxalq arenada zəiflətməkdə ittiham edib. “Amerika arzusu qarşısıalınmaz inflyasiya ilə sarsılıb, əməkhaqları azalır, tənəzzül yaxınlaşır, cənub sərhədimiz mühasirədədir, azadlıq düşmənləri isə bütün dünyaya yayılıb”, - deyə siyasətçi Amerika dəyərlərinin təhlükə altında olduğunu vurğulayıb.
Sabiq vitse-prezidentin sözlərinə görə, müxtəlif dövrlərdə müxtəlif liderlərə ehtiyac olur: “Biz ölkəmizi yenidən qura, xalqımızı qoruya, sərhədlərimizin təhlükəsizliyini təmin edə, iqtisadiyyatımızı dirçəldə, dövlətimizi balanslı büdcə yoluna yönəldə, azadlığımızın müdafiəsində dura və Amerikaya yeni həyat verə bilərik”, - deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Aprelin 25-də Cozef Bayden yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını deyib, Donald Tramp isə ötən ilin noyabr ayında prezident postu uğrunda mübarizəyə başladığını elan edib.

Dünya 2023-06-07 17:30:00