×
A
A
A
Sazlamalar

Bəzi həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur

Bakı, 7 iyun, AZƏRTAC

Tibbi səhiyyə turizminin bir sıra çatışmayan tərəfləri var. Əgər xəstə müalicə ilə bağlı xaricə üz tutursa, orada qarşılaşa biləcəyi bütün məqamlar barədə mütləq ətraflı məlumat əldə etməlidir.
Bunu AZƏRTAC-a Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, dosent Aynurə Əmirova İranda uzun illər “səhiyyə turizmi” adı altında vətəndaşlarımıza tətbiq edilən keyfiyyətsiz müalicəyə münasibət bildirərək deyib.
O, tibbi turizmin son zamanlar olduqca populyarlaşdığını vurğulayıb: “Xaricdə xəstələrə münasib qiymətə keyfiyyətli prosedurlar təqdim edilir. Burada insanları cəlb edən əsas məqam prosedurların münasib qiymətə olmasıdır. Onlara səyahət etmək imkanı yaradılır. Bütün bunlar tibbi turizmin üstün tərəfləri kimi qiymətləndirilir. Lakin həmin şəxslər xaricdə müəyyən problemlərlə qarşılaşacaqlarını bilməlidir”.
İnstitutun elmi katibi tibbi turizmdə yarana biləcək problemlər barədə məlumat verib: “İlk növbədə tibbi sığorta ilə bağlı problemlər yarana bilər. Öncədən müəyyən olunmuş ödənişlər daha sonra dəyişilir. Yarana biləcək digər problem isə səyahət edilən ölkənin regionuna məxsus viruslar və bakteriyalara yoluxma riskinin yüksəlməsidir. Xüsusilə, bəzi ölkələrə getmədən öncə müəyyən peyvəndlər vurulmalıdır. Bəzən xaricdə edilən tibbi müdaxilədən sonra yaranan fəsadların səyahət zamanı daha da kəskinləşməsi müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, səyahət edən zaman insanın immun sistemi zəifləyir. Bu səbəbdən aparılan əməliyyatın effektivliyi azalır. Eyni zamanda, səyahət zamanı ağırlaşma yaranarsa, müdaxilə daha da çətinləşir”.
A.Əmirova qeyd edib ki, mama-ginekologiya sahəsi üzrə xəstələrin xaricə müraciət etməsi daha çox sonsuzluğun süni mayalanma yolu ilə müalicəsi ilə bağlıdır: “Bu zaman onlar Türkiyə, Rusiya, İsrail, İran və digər ölkələrə üz tuturlar. Təəssüf ki, bu xəstəliklərdə əsas məqamlardan biri tək hamiləliyin baş tutması deyil, həm də hamiləliyi doğuşa qədər çatdırmaqdır. Bunu isə xaricdə olan həkim uzaq məsafədən idarə edə bilməz. Hazırda Azərbaycanda kifayət qədər yüksəkixtisaslı mütəxəssislərimiz var. Həkimlərimizin müalicə etdikləri xəstələrin nəticələri yüksəkdir. Bəzi həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur. Bu alınan nəticələrdə müsbətlik faizini artıracaq”, - deyə A.Əmirova bildirib.

Səhiyyə 2023-06-07 15:38:00