×
A
A
A
Sazlamalar

Taxıl biçini: Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir

Neftçalada arpa sahələrinin 30 faizində biçin başa çatıb

Bakı, 7 iyun, AZƏRTAC
Respublikanın bölgələrində arpa biçini davam edir. İlkin mərhələdə dəmyə ərazilərdə aparılmış əkin sahələrində arpa biçininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, 2023-cü il taxıl biçini mövsümünə Neftçala rayonunda start verilib. Payızlıq əkinlər dövründə Neftçalada 30 min hektardan artıq sahədə taxıl səpini aparılıb. Sahələrin təxminən 80 faizinə arpa səpilib. Əlverişli iqlim şəraiti Neftçalada arpanın digər rayonlara nisbətən daha tez yetişməsinə səbəb olur. Bu səbəbdən respublikada ilk kütləvi biçin prosesi məhz Neftçala rayonunda başlayır.
Qısa müddət ərzində rayon üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Biçinin sürətlə getməsinin səbəbi prosesə çoxlu sayda kombaynın cəlb olunması, “Aqroservis” ASC tərəfindən əvvəldən müəyyən olunmuş tələbata uyğun olaraq Neftçalaya digər rayonlardan əlavə kombaynların dislokasiya edilməsidir.
İlk günlər biçin prosesində 105 kombayn iştirak edib. Digər rayonlarda arpa biçininin başlaması ilə əlaqədar kənardan cəlb edilmiş kombaynların bir hissəsi öz dislokasiya ərazilərinə qaytarılıb. Hazırda Neftçalada gedən biçin prosesində 72 kombayn iştirak edir. Bunlardan 19-u “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Neftçalaya 24 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 29 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda respublikanın 36 rayonunda arpa biçini davam edir. Bu günə qədər 54400 hektar sahədə arpa biçini başa çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20586 hektar artıqdır. Sahələrin 19380 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Biçin prosesi davam edir.
Bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
Taxıl biçini prosesinin idarə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyində və Dövlət Aqrar İnkişaf mərkəzlərində qərargahlar yaradılıb. Biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün nazirliyin prosesdə iştirak edən qurumlarının fəaliyyətləri qərargah tərəfindən koordinasiya olunur, taxıl biçininin gedişi vəziyyəti gündəlik olaraq nəzarətdə saxlanılır və operativ zəruri tədbirlər həyata keçirilir.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən biçinlə bağlı hazırlıqlar yekunlaşıb. Hazırlıq ərəfəsində bütün rayonlar üzrə biçinə cəlb ediləcək mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikalarda təmir, sazlama işləri görülüb. Hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil aparılması məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Cari ildə müxtəlif markalı kombaynlar üzrə ümumilikdə, 283 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin olunublar.
Həmçinin biçin zamanı dislokasiya planına nəzarət edilməsi üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilib. Bu innovativ nəzarət sistemi biçin zamanı operativliyin təmin edilməsi, biçin prosesinə və dislokasiya planına nəzarət edilməsi və şəffaf idarə etmə mexanizminin qurulmasına imkan yaradır.
Hər il olduğu kimi, bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında aparılır. Növbəliliyin yaradılmasına icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən dəstək göstəriləcək, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması isə Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) tərəfindən həyata keçiriləcək.
2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombaynın cəlb olunması nəzərdə tutulur. Bunların 670-i “Aqroservis” ASC-nin balansına aiddir.

 

Kənd təsərrüfatı 2023-06-07 10:03:00