×
A
A
A
Sazlamalar

Gürcüstan hökuməti Gelati məbədindəki təmir işlərini nəzarətə götürüb

Tbilisi, 7 iyun, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Kutaisidə yerləşən və 1994-cü ildən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Gelati monastır kompleksində olub.
Gürcüstan Hökumət administrasiyasından AZƏRTAC-a bildirilib ki, baş nazir monastırda nəzərdə tutulan təmir-bərpa işləri və mövcud vəziyyətlə tanış olub.
İ.Qaribaşvili deyib ki, monastır kompleksində bərpa işlərinin aparılması üçün yeni vahid baş plan hazırlanmalıdır və təmir-bərpa işləri də həmin plana əsasən aparılmalıdır. Onun sözlərinə görə, hökumət monastır kompleksinin bərpası prosesində Gürcüstan Patriarxiyasını tam dəstəkləyir.
Qeyd edək ki, Gelati məbədində təmir-bərpa işlərinə 2008-ci ildə başlanılmışdı. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bərpa işləri dayandırıldı və 2014-cü ildən yenidən davam etdirilib. Həmin ildən də bərpa prosesində daim problemlər yaranır. Əvvəlcə mərkəzi məbədin damından plitələr düşməyə başladı və onların keyfiyyətsiz olduğu üzə çıxdı. Sonra məlum oldu ki, mərkəzi məbədin damından su sızır və bu, nadir freskaların məhv olmasına səbəb olur. İctimaiyyət nümayəndələrinin etirazından sonra kirəmitli dam qismən söküldü və məbədin üzərinə müvəqqəti qalay dam örtüyü vuruldu. Həmçinin dam örtüyünün bəzi yerlərində plitələrin altına layihədə nəzərdə tutulmayan material qatlarının düzüldüyü də üzə çıxdı.
O da məlum olub ki, məbədə yağış suyunun sızması nəticəsində XII əsrə aid “Tanrı Anası”nın təsviri olan mozaika zədələnib.
Məlumat üçün bildirək ki, orta əsrlərə aid olan Gelati məbədində bir sıra tarixi abidələr, o cümlədən məşhur Gəncə qapılarının bir hissəsi saxlanılır.
Məbədin ərazisində Gelati Akademiyası, eyni zamanda, gürcü çarı David Aqmaşenebelinin qəbiri yerləşir. Kompleks unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır. Bu ilin əvvəlində isə məbəddə yanğın olmuşdu və nəticədə məbədin daha bir neçə hissəsinə ciddi ziyan dəymişdi.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2023-06-07 04:14:00