×
A
A
A
Sazlamalar

Göygöl və Buxarestdə güləş üzrə təlim-məşq toplanışına start verilib

Bakı, 7 iyun, AZƏRTAC

Yunan-roma güləşi üzrə böyüklərdən ibarət milli komanda növbəti təlim-məşq toplanışına start verib.
AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində məskunlaşan yığmamız iyunun 18-dək xüsusi fiziki hazırlığı əhatə edən toplanış keçəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 26 güləşçi təlimdə iştirak edir.
Gündəlik iki məşqin olduğu hazırlıq prosesinə Eldəniz Əzizli, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihat Məmmədli, Murad Məmmədov, Nihad Quluzadə (hamısı 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli, Əsgər Əlizadə (hamısı 67 kq), Ülvü Qənizadə, Nihad Məmmədli (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Qurban Qurbanov (hamısı 77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə, Elcan Məmmədov (hamısı 82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev, Laçın Vəliyev (hamısı 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murad Əhmədiyev (hamısı 97 kq), Sabah Şəriəti və Sərxan Məmmədov (hər ikisi 130 kq) cəlb edilib. Fiziki hazırlıq üzrə məşqlər ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı əsasında həyata keçirilir.
Qadınlardan ibarət millimizin bir neçə üzvü isə Rumıniyaya yollanır. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) iyunun 19-dək Buxarestdə başqa ölkələrin güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, hər iki millimizin təlim-məşq toplanışı sentyabrın 16-dan 24-dək Serbiyada keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır.

İdman 2023-06-07 03:46:00