×
A
A
A
Sazlamalar

Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəsi pozmaqla danışıqlar prosesini uzatmaq niyyəti güdür - Açıqlama

Bakı, 6 iyun, AZƏRTAC

Ermənistanın Qarabağ separatçılarını siyasi müstəvidə və dialoqlarda predmet etməyəcəyinə dair bəyanatlarından sonra separatçı rejimin daxilində çox böyük aqressivlik yaranıb. O aqressivliyi biz Ermənistanın baş nazirinə və dövlət qurumlarına qarşı sözlü polemikada da müşahidə edirik. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Ona görə ermənilərin bir-biriləri ilə qarşılıqlı mübarizəsi və aqressivlikləri Ermənistan-Azərbaycan şərti sərhəddəki vəziyyətdə əks olunur. Ermənilər etnik təmizləmə məsələsində Azərbaycanı təhrik etmək üçün addımlar atırlar. Belə ki, onların beynəlxalq səviyyəli danışıqlarda Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı məqsədilə Avropa İttifaqının faktaraşdırıcı missiyasını, ya da təhlükəsizlik strukturlarını sülhməramlılar kimi Qarabağda yerləşdirməklə bağlı niyyətləri var. Bu istəklərini həyata keçirmək və Azərbaycan Silahlı Qüvvələrini təhrik etmək üçün bu fəaliyyəti icra edirlər. Bilirlər ki, əgər atəşkəs pozulursa, Azərbaycan Silahlı Qüvvələri onun qarşısını almaq məqsədilə müəyyən tədbirlər görəcək. Separatçı rejim düşünür ki, faktların aşkarlanması üçün ermənilər - ya mülkü şəxslər, ya hərbçilər məhv olmalıdır. Bu da ancaq Azərbaycan Silahlı Qüvvələrini atəşi pozmağa təhriki nəticəsində mümkün ola bilər. Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyi təmin edə bilməməsini əsas gətirərək qarşıdan gələn Brüssel danışıqlarında həmin məsələni müzakirəyə çıxarmaq üçün zəmin axtarırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
Qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
E.Şıxəliyevin sözlərinə görə, qarşı tərəf sanki ermənilərin təhlükəsizliyinin Qarabağda şübhə altında olduğu görüntüsü yaratmaq istəyirlər. Bu görüntünün yaranması, mövqelər hazırlamaq, kəşfiyyat kvadrokopteri uçurtmaq, minalanma aparmaq və yaxud hərbi daşımaları həyata keçirmək kimi faktlar lazımdır. Bu ermənilərin hiyləgər niyyətlərinin bir hissəsidir. Bu il iyulun 21-də Brüsseldə növbəti yüksək səviyyəli üçtərəfli görüş keçiriləcək. Brüssel görüşünədək ermənilər hər gün bu təxribat xarakterli fəaliyyətlərini artıracaqlar. Atəşkəsin pozulması halları Rusiya sülhməramlılarına sərf edir. Onlar öz mandatlarının müddətini 2025-ci ildən sonraki dövrdə uzatmağa çalışa bilərlər.
“Qarabağdakı separatçı rejimin rəhbərliyi və tabeçiliyindəkilər Prezident İlham Əliyevin Laçındakı çıxışından sonra daha çox aqressivləşiblər. Onlar sərhəddə atəşkəsin pozulmasını onunla əsaslandırmaq istəyəcəklər ki, hələ sülh sazişi üçün münbit zaman və şərait yetişməyib. Ermənistan danışıqlarda sülh sazişini imzalanmaqdan qaçır. Digər məsələ ermənilər Qarabağda Rusiya sülhməramlarının nəzarətində olan ərazilərdə müdafiə qabiliyyətini artırmağa səy göstərir. Xüsusən də dövlətimizin başçısının Laçındakı çıxışında separatçı rejimə xəbərdarlıqdan sonra onlar təhlükəsizliklərindən ehtiyatlanırlar. Azərbaycan Silahlı Qüvvələrinin bir gün antiterror əməliyyatı keçirə biləcəyini düşünürlər. Ona görə də keçmiş təmas xəttində müdafiədəki boşluqları möhkəmləndirməyə çalışırlar. Zənn edirlər ki, əgər Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatı keçirərsə, ermənilər öz qeyri-qanuni hərbi birləşmələrinin müdafiəsini təşkil edə bilsinlər. Yeni yaratmağa çalışdıqları mövqelər Azərbaycan üçün qəbuledilməz fəaliyyət olduğu üçün bölmələrimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılır. Çünki onlar ölkəmizin ərazilərində müdafiə mövqeləri qura bilməzlər. Ona görə Azərbaycan Silahlı Qüvvələri də buna ciddi müdaxilə etmək məcburiyyətində qalır. Separatçı rejimin rəhbərliyi düşünür ki, cavab atəşimiz nəticəsində əgər erməni hərbçilər və ya mülki vətəndaşlar ölsə, onlar bunu Qarabağda etnik təmizləməyə uğrama, təhlükəsizliyə təminat olmaması kimi qələmə verməyə və siyasi görüşlərdə qabartmağa çalışacaqlar. Ona görə atəşi bilərəkdən pozurlar. Bilirlər ki, təxribat törədəndə ya Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görəcək və dediyimiz vəziyyət yaranacaq. Biz ərazilərdə ermənilər tərəfindən yeni yaradılmağa çalışılan mövqeləri görməzdən gələ bilmərik. Onlar açıq fəaliyyətlər, hərbi daşımalar, mina basdırılma əməliyyatları və yaxud bölmələrin yerdəyişməsini və aktivləşdirməsini həyata keçirirlər. İnanıram ki, Azərbaycan antiterror əməliyyatını keçirmək qərarı versə, bu tədbirlər kifayət olacaq”, - deyə polkovnik-leytenant vurğulayıb.
Hərbi ekspert əlavə edib ki, görünür, Ermənistan rəhbərliyi tarixdən dərs çıxartmayıb. Otuz il orada mövqelərini möhkəmləndirmişdilər. Ancaq 5-6 eşalon dərinləşdirilmiş müdafiə hədləri yaratmaq, minalanmış, möhkəmləndirilmiş mövqelər hətta onların Vətən müharibəsində köməyinə çatmadı. Separatçı rejimin rəhbərliyi sadəcə çarəsizlik sindromu içərisindədirlər. Əgər ermənilər silahlı qüvvələrimizlə qarşı-qarşıya qalmaq baxımından Azərbaycanın təklif etdiyi ən pis variantı seçmiş olsalar, nəticədə 30 illik ambisiyaları 44 günlük Qarabağ müharibəsində xəyal qırıqlığına uğradısa, bu separatçı rejimin də getdiyi yolun sonu Ermənistanın 30 il getdiyi yolun sonu kimi bitəcək.

Cəmiyyət 2023-06-06 19:06:00