×
A
A
A
Sazlamalar

“Zəfər yurdu, payız məktəbi” layihəsinə yekun vurulub

Bakı, 6 iyun, AZƏRTAC

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 2022-ci il “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Zəfər yurdu, payız məktəbi” layihəsinə yekun vurub.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, layihənin icrası 2022-ci ildə nəzərdə tutulsa da Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində ekofəalların və QHT nümayəndələrinin keçirdikləri aksiya səbəbindən layihənin icrası mitinq başa çatdıqdan sonra icra edilib.
Layihə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində yerləşən abidəsi önünə gələrək öz ehtiramlarını bildirib, abidə önünə gül dəstələri düzüblər.
Sonra gənclər Ağcabədi Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyatı, fəaliyyəti, müstəqil dövlətimizin quruculuğunda və inkişafında göstərdiyi xidmətlər haqqında məlumatlarla tanış olublar.
Layihə iştirakçıları Ağcabədi Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.
Ağcabədi Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, qazi və veteranların iştirakı ilə layihənin açılış konfransı keçirilib.
Üç gün davam edən layihənin ilk konfransı şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xalqımızın və dövlətimizin həyatında oynadığı roldan, göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
Ümummilli Liderimizin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial, iradəli, cəsarətli, vətənpərvər siyasəti nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusu tamamilə darmadağın edildi, doğma Qarabağımız və Şərqi Zəngəzur düşmən tapdağından azad edildi.
Üç gün davam edən layihə müddətində müxtəlif seminarlar, idman yarışları, gənclər üçün əyləncəli-musiqili tədbirlər keçirilib. Layihə iştirakçılarının Qarabağ Atçılıq Mərkəzinə, Ağgöl Dövlət Təbiət Qoruğuna və s. yerlərə gəzintisi həyata keçirilib.
Layihənin ikinci hissəsinin Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Cəmiyyət 2023-06-06 18:55:00