×
A
A
A
Sazlamalar

Baş Prokurorluqda itkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da BMT-nin İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyasının (ICMP) Koordinasiya və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Baş prokurorun birinci müavini Elçin Məmmədov Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının taleyinə bu günə kimi aydınlıq gətirilmədiyini, onlar barədə Ermənistan tərəfindən hələ də müfəssəl məlumatların təqdim olunmadığını qeyd edərək, bu xüsusda ICMP ilə əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb.
Andreas Kleyzer hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və insanlıq əleyhinə törədilmiş cinayətlərin müəyyən edilməsi sahəsində uzun illərə dayanan təcrübəyə malik Komissiyanın Azərbaycan rəsmiləri ilə sıx əməkdaşlığa hazır olduğunu, xüsusilə prokurorluq orqanlarının bu sahədə aparıcı rol oynadığını bildirib.
Görüşdə itkin düşmüş şəxslərin qeydiyyatı, məlumat bazası, itkin düşmüş şəxslər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Hərbi Prokurorluqda və Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Cəmiyyət 2023-06-06 18:12:00