×
A
A
A
Sazlamalar

Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini, mina terrorunu və ekoloji terroru davam etdirir

Bakı, 6 iyun, AZƏRTAC
Əslində, Azərbaycanla Ermənistan arasında müharibə bitib. Ermənistan kapitulyasiya aktına imza atıb və bu reallığı bütün dünya qəbul edir. Amma başqa bir reallıq var ki, onun haqqında daha geniş danışmaq lazımdır. Bu, onunla bağlıdır ki, Ermənistan hazırda Azərbaycana qarşı üç istiqamətdə müharibəni hələ də davam etdirir. Bunlar informasiya müharibəsi, mina terroru və ekoloji terrordur. Bir qədər də açıq desək, Ermənistan təkcə Metsamor atom elektrik stansiyası ilə azərbaycanlılar üçün təhdid mənbəyi deyil. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə, qardaş Türkiyə sərhədinə yaxın ərazidə, Arazdəyəndə böyük bir metallurgiya zavodunu tikməklə məşğuldur. Bu metallurgiya zavodunun sərmayəçisi Amerika Birləşmiş Ştatıdır. ABŞ həmin iri zavodun tikintisinə nə az, nə çox, düz 70 milyon dollar investisiya ayırıb. Bu müəssisə işə düşdükdən sonra orada ildə 180 min ton metallurgiya məhsulu istehsal edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib: “Hazırda həmin zavodun tikintisi ilə 200 nəfər məşğuldur. Gələcəkdə işçilərin sayının 1000 nəfərə çatdırılması planlaşdırılır. Bunlar öz işləridir, özləri bilər, amma bizi narahat edən məsələ başqadır. Bizi narahat edən məsələ Ermənistanın Azərbaycana qarşı məhz ekoloji terror siyasəti ilə bağlıdır. Vaxtilə Arazdəyən, Culfa, Ordubad, Mehri, Horadiz dəmir yolu xətti var idi və işlək vəziyyətdə idi. Təxminən həmin bu ərazidə metallurgiya zavodunun işə salınması nəticə etibarilə Arazdəyəndən tutmuş Culfa, Ordubad istiqamətində də ekoloji böhranın yaranmasına səbəb ola bilər. Bu, eyni zamanda, ekosistemin dağılmasına gətirib çıxaran addımdır və nəticə etibarilə azərbaycanlıların səhhəti üçün ciddi problemlərin yaradar”.
Deputat deyib ki, bütün bu reallıqları nəzərə aldıqda bu gün Ermənistanın, sözün həqiqi mənasında, azərbaycanlılara qarşı ekoloji terror siyasətinin yeni elementlərini işə salmaqda olduğunu söyləmək olar. “Bizi təəssüfləndirən cəhət odur ki, bu prosesdə ABŞ da Ermənistanla yanaşıdır, region üçün ekologiya nöqteyi-nəzərdən çox təhlükəli bir zavodun işə salınmasını maliyyələşdirir. Onu da nəzərə almalıyıq ki, ABŞ vaxtilə ATƏT-in Minsk qrupunun da həmsədri olub. Bütün bunlar regionda çox ciddi böhranın yaşanmasına gətirib çıxara bilər. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Təbii ki, onunla bu prosesdə yanaşı gedən ABŞ-ın da müvafiq qurumları məsuliyyət daşıyır”, - deyə Elman Nəsirov qeyd edib.

Siyasət 2023-06-06 17:42:00