"Havanı kim çirkləndirir?" layihəsi çərçivəsində zavod rəhbərliyi cərimələnib
Bakı, 6 iyun, AZƏRTAC
Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.
Qeyd edilib ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 “Çağrı mərkəzinə” və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
COP29 Sədrliyi Vyanada UNIDO və OPEC tədbirlərində ölkəmizi təmsil edəcək
Naxçıvanda növbəti “SUVAR” aksiyası keçirilib
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yağıntı və külək davam edir – FAKTİKİ HAVA
Sarı, narıncı və ya qırmızı təhlükə səviyyəsi: bildiriş rəngləri nə deməkdir?