×
A
A
A
Sazlamalar

İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama

Bakı, 6 iyun, AZƏRTAC

İnşaat sektoru hər bir ölkənin iqtisadiyyatında mühüm yer tutur. İnşaat - iqtisadiyyatın digər sahələri üçün əsas fondların yaradılmasında və modernləşməsində iştirak etməklə, vacib və fundamental sahələrdən sayılır. Bu sektorun effektivliyi – tikintinin dəyəri, müddəti və əsas fondların modernləşməsi – ölkə iqtisadiyyatının sürətli inkişaf bacarığını və əsas sosial-iqtisadi məsələlərin həlli tempini müəyyən edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov bildirib.
Beynəlxalq təcrübəyə istinad edən memar deyib ki, inşaat sektorunun iqtisadiyyatın strukturunda rolu ölkənin inkişaf mərhələlərindən asılı olaraq dəyişir. İnşaat sektorunun ölkə həyatının müxtəlif sahələrinə təkan verməsi baxımından, yaşayış obyektlərinin tikintisinə investisiyalar digər sektorlara yatırımlara nisbətən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında daha böyük hərəkətverici qüvvəyə malikdir.
Onun sözlərinə görə, dünya inşaat sektorunun daxili inkişaf rezervlərini açan əsas “lokomotiv”lərdən biri də yeni informasiya texnologiyalarının aktiv tətbiq olunmasıdır: “Texnologiyalar hazırda evləri çap etməyə, göydələnləri konstruktor kimi qurmağa imkan verir. İnnovasiyalar nəinki şəhərlərin görünüşünü dəyişir, həm də böyük vəsaitləri qənaət etməyə imkan verir. Bu barədə Dünya İqtisadi Forumunun və “The Boston Consulting Group”un “İnşaatın gələcəyinin formalaşdırılması: novatorların müvafiq sektoru dəyişməyə ruhlandırılması” adlı hesabatında məlumat verilir. Həmin hesabata əsasən müvafiq sahəyə ən çox binaların informativ modelləşdirilməsi, simsiz qurğular və 3D çap təsir göstərir. Hesabata görə, inşaat sektorunda yeni texnologiyaların tətbiqi 10 ildən sonra hər il tikinti mərhələsində 0,7-dən 1,2, istismar mərhələsində 0,3-dən 0,5 trilyon dollaradək maliyyə vəsaitini qənaət etməyə imkan verəcək”.
F.Bayramov vurğulayıb ki, dünya üzrə bu sahədə yeni texnologiyaların tətbiqi inşaatın idarə olunması strukturunu da dəyişir. İnşaat layihələrinin idarə olunması üzrə müasir sistemlərə əsas tələblər – məlumatların çevik ötürülməsi üçün vahid informasiya məkanının təşkili, iş qrafikinin rəqəmsal modelin obyektləri ilə əlaqələndirilməsi və podratçılarla hesablaşmaların aparılması üçün görülən işlərə dair hesabatların maliyyə sistemlərinə bağlanmasıdır.
Araşdırmalara görə hər hansı müəssisədə bu sistemlər tətbiq edilməyə başlanan andan sonrakı iki il ərzində ona xərclənən vəsait 4 dəfədən çox qayıdır, ümumi gəlirlər 2,5 dəfə artır və daxili proseslər avtomatlaşdırıldığı üçün xərclərdə əhəmiyyətli qənaət yaranır.
Hazırda Azərbaycanda inşaat sektorunda yeni texnologiyaların tətbiqi baxımından müsbət irəliləyişlər hiss olunur. Bu gün şirkət rəhbərləri idarəetmənin, iş proseslərinin, nəzarət mexanizmlərinin daha sistemli və səliqəli aparılmasında maraqlıdırlar.
Daşınmaz əmlak ekspertlərinin proqnozlarına görə, yaxın zamanda bu sektorda yeni idarəetmə texnologiyalarına tələbat kəskin artacaq. Təsadüfi deyil ki, bu gün nəinki böyük, orta və kiçik biznes subyektləri də aktiv şəkildə fəaliyyətlərinə yeni texnologiyaları daxil edirlər. Bu, zamanın tələbi və zərurətdir.

 

Tikinti̇ 2023-06-06 14:34:00