×
A
A
A
Sazlamalar

Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb VİDEO

Yevlax, 6 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 6-da aqroparka mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov KİV nümayəndələrinə Yevlax Pilot Aqroparkın ümumi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2021-ci ilin dekabrında açılışı olmuş Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək. İndiyədək Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda bu rezidentlər tərəfindən 130 hektardan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilik təşkil edir.
Bu layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.
Sonra media nümayəndələri Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin təsərrüfatında gedən məhsul yığımı prosesi ilə tanış olublar. “İSFA” MMC-nin direktoru Samir Xeyribəyov fermer təsərrüfatının fəaliyyətindən, yığım prosesindən danışıb. Diqqətə çatdırılıb ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 20 hektarını isə tingçilik təsərrüfatı təşkil edir. Meyvə bağının 8 hektarında ərik, 16 hektarında isə şaftalı və nektarin ağacları əkilib. Hazırda təsərrüfat sahəsində “Perfect red” ərik sortunun, “Plagold” 11 şaftalı sortunun, “Gartairo” nektarin çeşidinin yığımı həyata keçirilir.
Bundan başqa, hazırda “İSFA” MMC-nin tingçilik təsərrüfatının 10 hektarında gilasın 15, şaftalı və nektarinin 23, badamın 7, almanın 6, xurmanın 2, əriyin 4, gavalının 5, alçanın 3, armudun 2, qozun 2 çeşidi yetişdirilir.
“İSFA” MMC tərəfindən Yevlax Pilot Aqroparkına bu günədək 1 milyon manatdan çox investisiya yatırılıb, 11 daimi iş yeri yaradılıb.

Kənd təsərrüfatı 2023-06-06 14:36:00

Video