×
A
A
A
Sazlamalar

Sirkə turşusundan zəhərlənən xəstənin həyatı xilas edilib

Bakı, 6 iyun, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə sirkə turşusu zəhərlənməsi ilə bağlı müraciət edən, vəziyyəti ağır olan xəstənin həyatı xilas edilib.
AZƏRTAC mərkəzin mətbuat xidmətinə istinadla bildirir ki, 1985-ci il təvəllüdlü şəxs mayın 13-də kəskin sirkə turşusundan zəhərlənmə, fəsadlaşmış qanaxma, mədə-bağırsaq qanaxması, hemoliz, kəskin böyrək çatışmazlığı diaqnozu ilə mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstədə aparılan müayinələr zamanı diaqnoz öz təsdiqini tapıb. Kəskin böyrək çatışmazlığı olan xəstəyə müalicə müddəti ərzində dializ müayinəsi aparılıb. Ümumilikdə bir neçə ixtisas həkiminin nəzarətində olan xəstəni həyata qaytarmaq mümkün olub. Hazırda xəstənin vəziyyəti stabil olduğu üçün sahə həkiminin nəzarətində evə buraxılıb.
Qeyd edilib ki, sirkə turşusu qəbul edən şəxsdə kimyəvi reaksiya yarandığı üçün bütün selikli qişalar və orqanlara ciddi ziyan dəyir. Eyni zamanda, böyük bir maye və qan itkisinə səbəb olur. Buna görə güclü ağrı sindromu yaranır.
Sirkə və ya digər maddələrdən zəhərlənmə olduğu halda təcili yardım çağırmaq və ya tibb müəssisəsinə müraciət etmək vacibdir.

Səhiyyə 2023-06-06 14:30:00