×
A
A
A
Sazlamalar

Məhkəmə-Hüquq Şurasının üzvləri on ildən artıq iş stajına malik olmalıdırlar

Bakı, 6 iyun, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklikləri ikinci oxunuşda qəbul edib. Sənəddə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılır və Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb.
Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
Eyni zamanda, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.
Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.
Hakimlərin konfransında kassasiya, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:
- Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;
- hər apelyasiya instansiyası məhkəməsindən 3 hakim;
- hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;
- hər rayon (şəhər) məhkəməsindən 1 hakim.
Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.
Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir.
Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.

Cəmiyyət 2023-06-06 13:46:00