Qərb bölgəsində xarici üzüm sortlarına maraq artıb
Tovuz, 6 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Son illər fermerlərin xaricdən gətirilən məhsuldar süfrə sortlarına marağı artıb. Nəticədə üzüm bağlarında məhsuldarlıq da çoxalıb. İndi demək olar ki, qərb bölgəsində becərilən əksər üzüm növləri xaricdən gətirilən məhsuldar sortlardır. Ənənəvi yerli sortlara isə getdikcə maraq azalır.
AZƏRTAC xəbər verir ki, üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindəndir. Hər il üzüm bağları genişləndirilir, xaricdən yeni şitillər gətirilir, üzüm bağları yenilənir. Bunun hesabına da yüksək məhsul əldə edilir. Tovuzun əsasən, üzümçülük kəndi kimi tanınan Aşağı Quşçu kəndində də xarici sort üzümlərə maraq artıb. Tovuzlu fermer Kamil Hüseynov deyir ki, son illər üzüm bağında üstünlüyü xaricdən gətirdiyi üzüm sortlarına verir. Bu sortlardan yaxşı məhsul da götürür. Bildirir ki, ixrac üçün tələbat da bu cür üzüm növlərinədir. “Təxminən 15 il bundan əvvəl biz yerli üzüm sortlarına üstünlük verirdik. Son vaxtlar isə Fransadan gətirilən sortlar üstünlük təşkil edir. “Redblok”, “Mişel”, “Viktoriya” kimi məhsuldar süfrə üzümlərindən əkmişik və onların məhsuldarlığı çox yaxşıdır”, - deyə fermer vurğulayır.
Bəzi fermerlər isə keyfiyyətinə görə yerli sort üzümlərə üstünlük verirlər. “Merlot” dediyimiz üzüm sortu var, qiyməti yaxşı olur, Rusiya bazarlarında da alıcısı var. Ona görə bir çox fermer bu sortdan əkib. Bizim dədə-baba üzüm sortlarımız da var. Mən özüm bu üzüm sortlarından becərirəm. Məsələn, “Bolqar”, “Musqat”, “Təbrizi”... Bəzi yerli üzümlər texniki sortdur. Şərab zavodları olmadığından insanlar süfrə sortundan olan üzümləri becərir”, - deyə fermer Şakir Abbasov bildirir.
Hazırda bağlarda dərmanlanma və üzümün yaşıl budaqlarının bağlanması prosesi aparılır. Bundan sonra sortundan asılı olaraq 3-5 dəfə suvarılacaq. Xəstəliklərdən qorunması üçün müəyyən tədbirlər də görülməlidir.
Qeyd edək ki, Tovuzda 820 hektardan çox üzüm bağı var. Qərb bölgəsində üzüm yığımına avqust, sentyabr ayında başlanacaq.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb