×
A
A
A
Sazlamalar

Şəhid–rəssam Rauf İbadovun fərdi sərgisi - “Sizə yadigar qalsın”

Sumqayıt, 6 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisi açılıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının və “Nəfəs” İctimai Birliyinin birgə təşkilatçılığı ilə hazırlanan sərgidə şəhid rəssamın 44 rəsm əsəri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri, rəssamlar, qazilər, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi sərgi-tədbir Dövlət Himninin ifası ilə başlayıb. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rauf İbadovun həyat və yaradıcılığından söz açılıb. Bildirilib ki, sərginin müəllifi 1996-cı il mayın 4-də Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakültəsində ali təhsil alıb. 2017-2018-ci illərdə hərbi hissədə xidmət edib. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunub və komandiri tərəfindən qiymətli hədiyə ilə mükafatlandırılıb. 2020-ci il iyul ayındakı Tovuz döyüşləri zamanı hərbi xidmətdə könüllü olaraq qeydiyyata düşüb. Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə manqa komandiri təyin olunub. O, oktyabrın 23-də Laçın ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasina görə” medalları ilə təltif edilib.
Sonra sərgiyə baxış keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacı-zadə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Həsənova, “Nəfəs” İctimai Birliyinin rəhbəri Firəngiz Balakişiyeva, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, şair Əşrəf Veysəlli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi katibi Tahirə Haqverdiyeva, professor İsmayıl Əliyev və başqaları çıxış edərək, torpaqlarımızın Rauf kimi qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildiriblər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova şəhid rəssam Rauf İbadovun rəsmlərdən söhbət açaraq, çəkdiyi rəsm əsərlərinin əksəriyyətinin vətənpərvərlik mövzusunu əhatə etdiyini diqqətə çatdırıb.
Peşəkar rəssam Tofiq Əhmədovun Rauf İbadova həsr etdiyi portret şəhidin valideynlərinə təqdim olunub.
Şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, anası Zərnigar İbadova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra Gülyanaq Məmmədovanın ifasında sözləri Baba Vəziroğlu, musiqisi Sevinc Tofiqqızına aid, Rauf İbadovun əziz xatirəsinə ithaf olunmuş "Qəhrəmanlıq dastanı..." adlı klip izlənilib.
Tədbir Ə.Bakıxanov adına 1 nömrəli Sumqayıt Uşaq İncəsənət Məktəbinin kollektivinin təqdim etdiyi musiqi nömrələri və Laçın rayon 5 saylı orta məktəbin Rauf İbadov adına sinfin şagirdlərinin səsləndirdikləri şeirlərlə davam edib.

 

 

Regionlar 2023-06-06 11:41:00