×
A
A
A
Sazlamalar

Terapevt: Böyrək daşı xəstəliyi daha çox kişilərdə müşahidə olunur

Bakı, 6 iyun, AZƏRTAC

Böyrək daşı xəstəliyi ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılan xəstəliklərdən biridir. Onlar müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn problemdir. Xəstəliyin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulması olur. Bu zaman əriməyən duzlardan böyrəkdə müxtəlif ölçülərdə daşlar yaranır. Böyrək daşı xroniki, təkrarlanan metobolik xəstəlikdir. Əsasən 20-50 yaşlarında təsadüf olunur. Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrində fəaliyyət göstərən sahə (ailə) həkimlərinə müraciət edin.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynova deyib. Onun sözlərinə görə, xəstəlik daha çox kişilərdə rast gəlinir: “Xəstəliyin yaranma səbəblərinə gəlincə, düzgün olmayan qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), irsi meyllilik, genetik faktorlar, böyrəyin quruluş anomaliyaları, isti iqlim qurşağı, bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar, normadan artıq kalsium, oksalat atılımı, əvvəllər böyrək daşı olanlar, artıq çəki, uzun müddət hərəkətsiz qalmaq və digər səbəbləri göstərmək olar. Daşlar çox vaxt qanaxma və ağrıya səbəb olur. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyini, kasacığı zədələyərsə, bel nahiyəsində ağrı yaradır. Bəzən ağrı o qədər güclü olur ki, xəstələr ağrıya dözə bilmirlər. Ağrı davamlı ya da təkrarlanan ola bilər və xüsusilə qarnın altı hissəsində hiss edilir. Temperatur, tərləmə müşahidə oluna bilər”.
Həkim-terapevt böyrək daşının əlamətlərinin ağrı (böyrək sancısı), ürəkbulanma və qusma kimi hallar olduğunu nəzərə çatdırıb.
V. Hüseynova böyrək daşı xəstəliyi ilə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq üçün mütləq ətraflı anamnez toplamağın zəruriliyini də vurğulayıb: “Diaqnoz USM vasitəsilə qoyulur. Xəstəliyin müalicəsi konservativ və cərrahi yolla aparılır”.
Həkim-terapevt onu da bildirib ki, su içmək əvəzinə həddən artıq çay və qəhvə içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Buna görə də gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda, hərəkətsiz qalmaq, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər də böyrək daşı xəstəliyinə səbəb olan faktorlardır. Böyrəkdəki ən xırda daş belə insana böyük ağrılar verir.
Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinə müraciət edin! Onlar sizi müvafiq müayinələrdən keçirərək, zərurət olduğu halda digər ixtisas həkimlərinə və laborator analizlərə yönəldəcək.

Səhiyyə 2023-06-06 11:34:00