×
A
A
A
Sazlamalar

Avstriyanın ana müxalifət partiyasının sədr seçimində qalmaqal yaşanıb

Vyana, 6 iyun, AZƏRTAC

Avstriyanın ana müxalifət partiyası Avstriya Sosial-Demokratlar Partiyasının qurultayında yeni sədr seçimi zamanı qalmaqal yaşanıb.
AZƏRTAC xəbər verir ki, 603 nümayəndənin iştirak etdiyi qurultayda nümayəndələrin 52,66 faizi Hans Peter Doskozilin, 46,51 faizi onun rəqibi Andreas Bablerin lehinə səs veriblər. Hans Peter Doskozil yeni sədr kimi fəaliyyətə başlasa da, iyunun 5-də seçki komissiyası səsvermə prosesində nöqsan aşkarlayıb. Məlum olub ki, səsvermənin qalibi əslində Andreas Babler olub, lakin nəticələrin daxil edildiyi faylda texniki səhvə yol verilib və səslər yanlış sütuna yerləşdirilib.
Partiyanın seçki komissiyasının rəhbəri Mixaela Qrubesa təcili çağırılmış mətbuat konfransında baş vermiş xəta barədə məlumat verib, bütün seçicilərdən və xüsusilə də seçkiləri artıq uduzmuş H.P.Doskozildən üzr istəyib.
H.P.Doskozil nəticəni qəbul etdiyini bildirib və rəqibini təbrik edib. O, eyni zamanda, bundan sonra siyasi fəaliyyətini qubernator olduğu Burqenland federal əyalətinə cəmləyəcəyini və federal səviyyədə siyasətdən geri çəkildiyini də açıqlayıb.
Artıq qalib tərəf olan Andreas Babler isə seçkinin nəticələrinin təkrar yoxlanılması barədə göstəriş verib və partiya aparatında baş vermiş xətaya görə hamıdan üzr istəyib. O, bundan sonra bütün səylərini sosial-demokratların geri dönüşü və Avstriyada əsas siyasi qüvvəyə çevrilməsinə həsr edəcəyini vurğulayıb.
Seçki komissiyasının rəyinə əsasən, texniki xətanın izahı bütün tərəflərə aydın şəkildə çatdırılıb və səsvermənin təkrarlanmasına gərək yoxdur.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2023-06-06 04:17:00