×
A
A
A
Sazlamalar

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələri davam etdirirlər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində (MPM) BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı bu il mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları - Hovaqimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.
Ombudsman Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərlə konfidensial qaydada görüşüb, müraciətlərini dinləyib. Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan şikayət etməyib, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Başçəkmə çərçivəsində saxlanma şəraiti – kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Eləcə də həmin şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Həmin şəxslərin özləri də bunu təsdiqləyiblər.
Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (öz dillərində) olması müşahidə edilib. Onlara hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları və beynəlxalq sənədlər, ombudsmana və 916 - Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.

Cəmiyyət 2023-06-05 22:45:00