×
A
A
A
Sazlamalar

Xızı rayonunda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib

Altıağac, 5 iyun, Leyla Muradzadə, AZƏRTAC

Hər il 5 İyun Ümumdünya Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir. Ənənəyə sadiq qalaraq bu dəfə də nazirliyin təşəbbüsü ilə bu təqvim günü ilə əlaqədar Giləzi-Xızı magistral avtomobil yolunun kənarında təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, diplomatik korpus nümayəndələri, ETSN-nin əməkdaşları, məktəblilər, könüllülər iştirak edib.
Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təmin olunmuş iştirakçılar ərazini müxtəlif növ tullantılardan təmizləyiblər. Tullantılar xüsusi torbalara yığılaraq məişət tullantıları poliqonuna daşınıb.
Təmizlik aksiyasından sonra Altıağac Milli Parkı ərazisində şagirdlərin iştirakı ilə ustad dərsi təşkil olunub və təbiətdə bir neçə əsr ərzində parçalanan plastik tullantılardan müxtəlif bəzək əşyaları hazırlanıb. Sonra məktəblilər ekoloji fəaliyyətin müxtəlif sahələri üzrə layihələrini təqdim ediblər. Ölkəmizin ekologiyasının qorunması, əhali arasında ekoloji məsuliyyətin artırılması ilə bağlı müxtəlif fikirlər irəli sürüblər.
Artıq on ildən çoxdur BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edən, ətraf mühit və iqlim dəyişmələri istiqamətdə olan layihələrdə çalışan BMT-nin İnkişaf Proqramında “İqlim dəyişmələrinə milli uyğunlaşma planına dəstək” layihəsinin meneceri Zaur Əliyev hər il Ümumdünya Ətraf Mühit Günü müxtəlif çağırışlar edib, bir çox kampaniyalar həyata keçirdiklərini qeyd edib. “İki il öncə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Çimərliyin təmizlənməsi” kampaniyasını həyata keçirmişdik, keçən il BMT-nin İnkişaf Proqramının, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin iştirakı ilə universitet və Qeyri-Hökumət Təşkilatları arasında iqlim dəyişmələri, ətraf mühitin idarə olunması ilə bağlı intellektual oyunlar təşkil etmişdik. Bu il isə Altıağac Dövlət Təbiət Qoruğu ərazisində maarifləndirici tədbirlər həyata keçiririk: təbiətdə davranış qaydaları, onun qorunması barədə məktəbliləri məlumatlandırırıq”, - deyə Z.Əliyev əlavə edib.
Bu il Ətraf Mühit Gününün plastik tullantılarla mübarizəyə həsr olunduğunu deyən Zaur Əliyev bu münasibətlə məktəblilər üçün “Plastik tullantılardan nə yaratmaq olar” ustad dərsi təşkil olunduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar tədbirin keçirilməsində əsas məqsədlərdən biri kimi milli parklarda ekoloji turizmin inkişafı, onların potensialının nümayiş etdirilməsi olduğunu qeyd edib. “Bütün ictimaiyyət nümayəndələri və hər kəs ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifələri barədə məlumatlandırılmalıdır. Milli parkların yaradılmasının əsas məqsədi burada nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin, landşaftın, təbiət komplekslərinin mühafizəsindən əlavə, ekoloji turizmin inkişafı, ekoloji maarifləndirmə və təbii sərvətlərin gələcək nəsillərə çatdırılmasıdır”, - deyə A.Babayeva bildirib.
269 saylı orta məktəbin müəllimi Nərgiz Məmmədli Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar şagirdlərlə birgə təmizlik aksiyasında iştirak etdiklərini, dərs zamanı onlara ətraf mühitin qorunması barədə məlumat verdiklərini qeyd edib: “Buradan insanlara çağırış edirik ki, indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorusunlar, onu çirkləndirməsinlər”. O, ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar məktəbin 9-cu sinif şagirdlərinin layihə hazırladıqlarını söyləyib. “Acid rain” layihəsi turşu yağışlarının bitkilər üzərinə təsiri barədədir. Layihənin həyata keçirilməsində məqsəd bitkilərin çürüməsi, onların saralması, turşuluq səviyyəsinin az və yaxud çox olmasının səbəblərini və bu mənfi halların azaldılmasının həll yollarını tapmaqdır”, - deyə N.Məmmədli əlavə edib.
Aksiyaya qoşulan Akademik Zərifə Əliyeva adına liseyin informatika müəllimi Rəfiqə Bağırova qeyd edib ki, şagirdlərlə birlikdə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş təmizlik aksiyasında iştirak təbiətə olan borcumuzu ödəməkdir.
Çex Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Yana Pokorna nazirlik tərəfindən təşkil olunan bu aksiyanın gözəl təşəbbüs olduğunu bildirib, bu cür tədbirlərin iştirakçısı olduğundan məmnunluğunu ifadə edib.

Ekologiya 2023-06-05 22:32:00