×
A
A
A
Sazlamalar

Yaponiyada yenidoğulanların sayı ardıcıl yeddi ildir azalır

Pekin, 5 iyun, AZƏRTAC

Yaponiyada yenidoğulanların sayı ardıcıl yeddi ildir azalır.
AZƏRTAC Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, ötən il yenidoğulanların sayı 1899-cu ildə statistika aparılmağa başlayandan bəri ilk dəfə 800 mindən aşağı düşüb. Keçən il ölkədə 770 min körpə dünyaya gəlib ki, bu da əvvəlki illə müqayisədə 40 min az uşaq deməkdir. Bununla da Yaponiyada hər qadının dünyaya uşaq gətirmək əmsalı 2005-ci ildəki antirekordu (1,26 uşaq) təkrarlayıb. Doğumun azalması fonunda ölüm sayı ardıcıl 16 ildir çoxalır. Ötən il 1,57 milyon ölüm qeydə alınıb ki, bu da tarixi antirekorddur.
Yaponiyada yenidoğulanların sayı ardıcıl yeddi il azalsa da, mütəxəssislər ötənilki azalmanı ailələrin övlad dünyaya gətirməyi COVID-19 pandemiyası səbəbindən təxirə salmaları ilə əlaqələndirirlər. Bundan başqa, gənclərin ailə qurmağı təxirə salmasının da doğumun azalmasına təsir edən əsas amil olduğu bildirilir. 2021-ci ildə nikahların sayı İkinci Dünya müharibəsindən sonra ən aşağı həddə (501 min nikah) düşüb.
Ümumiyyətlə, Yaponiya hazırda əhalisi sürətlə azalan və qocalan ölkələr siyahısındadır. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin bu yaxınlarda açıqladığı hesabata əsasən, ölkə əhalisinin sayı 2070-ci ilədək 30 faiz azalaraq, 87 milyon nəfərə düşəcək. Həmin dövrdə ölkədə yaşı 65-dən yuxarı olanların sayı 33 milyonu ötərək əhalinin 38 faizini təşkil edəcək ki, bu da sosial təminat xərclərinin kəskin artmasına səbəb olacaq. Nazirliyin mütəxəssislərinin proqnozlarına görə, Yaponiyada qadınların doğum əmsalının 2070-ci ildə nisbətən artaraq 1,33-ə çatmaq ehtimalına baxmayaraq, bu rəqəm əhalinin sayının sabit saxlanılması üçün həlledici hesab edilən əmsaldan (2,07) aşağı olacaq. Yenidoğulanların sayı 2070-ci ildə 500 minə düşəcək.
Hökumət yaranmış demoqrafik problemi azaltmaq üçün təxirəsalınmaz tədbirlər üzərində çalışır. Baş nazir Fumio Kişida bir neçə gün əvvəl müvafiq nazirliklərə üç illik hədəf dövründə uşaqlara qayğı büdcəsini illik 3,5 trilyon yenə (təxminən 25 milyard ABŞ dollarına) çatdırmağı tapşırıb. Əvvəlki planda bu rəqəm 3 trilyon yen idi.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-06-05 22:17:00