×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının naziri neft hasilatının azaldılmasını “ehtiyat tədbiri” adlandırıb

Bakı, 5 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, Krallığın könüllü şəkildə neft hasilatını azaltması ilə bağlı qərarı bazar sabitliyini təmin etmək məqsədi daşıyan “ehtiyat tədbiri” kimi qəbul edilməlidir.
AZƏRTAC xəbər verir ki, nazir “Əl Ərəbiyə” telekanalına müsahibəsində bu ilin iyulunda Səudiyyə Ərəbistanının dərin hasilatı azaldacağını bildirib. O, həmçinin OPEC+ alyansının toplantısından sonra keçirilən mətbuat konfransında deyib ki, hasilatın gündəlik 1 milyon barreldən də artıq azaldılması tələb olunarsa, iyuldan sonra da bu proses davam edə bilər. Səudiyyə Ərəbistanının naziri əlavə edib ki, qlobal bazarda aydınlıq və sabitlik olmadığı müddətdə ehtiyat tədbirləri ilə bağlı yeni addımlar atıla bilər. “Bizim missiyamız qlobal bazarda sabitliyi qoruyub saxlamaq üçün neft tədarükünə dair aydın məlumatlar təqdim etmək, eyni zamanda, neftin qiymətlərini manipulyasiya edənlərə imkan verməməkdir”.
Qərara əsasən, Səudiyyə Ərəbistanının may ayından bəri gündəlik 10 milyon barrel təşkil edən hasilatı iyulda 9 milyon barrelə düşəcək. OPEC+ alyansının Vyanada yeddi saatlıq danışıqlardan sonra hasilat siyasəti ilə bağlı razılığa gəlinib və 2024-cü ildən etibarən ümumi hasilat hədəflərini gündəlik daha 1,4 milyon barrel azaltmağa qərar verilib.
Şahzadə Əbdüləziz bin Salman bildirib ki, müstəqil tədarükçülər 2024-cü ildə hasilatın qiymətləndirilməsi ilə bağlı OPEC+ ölkələri ilə birgə iş aparacaq və bu, əvvəlki mübahisələrə son qoyacaq. Rusiyanın neft hasilatına gəlincə, Krallığın enerji naziri deyib ki, bu məsələ müzakirə olunub və Moskva şəffaflığı qorumaq məqsədilə neft hasilatı rəqəmləri ilə bağlı OPEC ölkələri ilə məlumat mübadiləsini davam etdirəcək.
Qeyd edək ki, OPEC+ alyansının qərarından sonra Birləşmiş Ərəb Əmirlikləri də 2024-cü ildə neft hasilatını gündəlik 144 min barrel həcmində azaldacağını bəyan edib.

Neft - qaz 2023-06-05 20:28:00