×
A
A
A
Sazlamalar

Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Bakıda çıxış edib

Bakı, 5 iyun, Emil Məlikov, AZƏRTAC

İyunun 5-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində İttifaqın səhnəsində Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi türk yazarı Toyğun Orbayın “21:15 qatarı” adlı birhissəli səhnə əsərini təqdim edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti Hacı İsmayılov çıxış edərək Şəki Teatrının fəaliyyətindən söz açıb, həmçinin tədbir və layihə haqqında ümumi məlumat verərək, yaradıcı kollektivi teatrın 90 illiyi münasibətilə təbrik edib. O deyib: “Bu il çox əlamətdar ildir, həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 100 illiyi, həm də Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyidir. Bu il, eyni zamanda, 4 teatrın yubileyidir. Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunan “Qonaq teatr” layihəsi çərçivəsində bir çox bölgə teatrları Bakıya qastrol səfəri edirlər. İlk növbədə Ağdam teatrımın yaradıcı kollektivi bu layihədə iştirak edərək şəhidlərimizə həsr olunmuş “Şuşadan gələn səs” tamaşası ilə çıxış edib. Bu gün də Azərbaycan mədəniyyətində öz yeri olan Şəki Dövlət Dram Teatrının kollektivi bizim qonağımızdır. Onlar maraqlı səhnə əsəri ilə burada çıxış edirlər”.
Sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən Toyğun Orbayın “21:15 qatarı” tamaşası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Akif Yusifov, Rəhim Qocayev, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa ediblər.
Sonda Şəki Dövlət Dram Teatrının 90 illiyi münasibətilə və milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə teatr kollektivi İttifaqın təsis etdiyi fəxri fərmanla təltif olunub.

Mədəniyyət 2023-06-05 19:33:00