×
A
A
A
Sazlamalar

Azərbaycanda ətraf mühitlə bağlı məsələlər ən yaxşı təcrübələr nəzərə almaqla idarə edilir

Bakı, 5 iyun, AZƏRTAC
Ölkəmizin ekoloji siyasəti insanların təmiz ətraf mühitdə yaşaması hüququnun təmin edilməsi ilə bağlıdır. Əsası bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan həmin ekoloji siyasət bu gün də uğurla davam etdirilir. Həmin siyasətə ətraf mühit komponentlərinin çirklənməsinin qarşısının alınması, təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı məsələlərin beynəlxalq normalara uyğun və ən yaxşı təcrübələri nəzərə almaqla idarə edilməsinin təmin olunması daxildir. Bu zaman da əsas diqqət prosesə ictimaiyyətin cəlb olunması və beynəlxalq təşkilatlarla regional əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə AZƏRTAC-a Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar verdiyi müsahibədə deyib.
Ətraf mühit komponentlərinin - atmosfer havası, suyun keyfiyyətinin insan sağlamlığına təsir edən amillər olduğunu diqqətə çatdıran R.Səttarzadə bildirib: “İqtisadiyyatın, sənayenin sürətli inkişafı, demoqrafik artım və digər amillər ətraf mühitin vacib komponentlərindən olan atmosferin tullantılarla çirkləndirilməsinin artması ilə nəticələnir. Bu da atmosfer havasının keyfiyyətinə, insan sağlamlığına təsir edir. Odur ki, atmosfer havasının keyfiyyəti ilə bağlı qlobal çağırışlar edilir. Problemlərin kompleks həlli üçün Azərbaycanda beynəlxalq təcrübə əsas götürülür, təmiz yanacaqdan istifadənin artması üçün stimullaşdırıcı işlər görülür. Atmosferə mənfi təsir edən köhnə avtomobillərin istifadəsinin mərhələlərlə məhdudlaşdırılması məqsədilə də bir sıra tədbirlər həyata keçirilir. Buna elektromobillərin, hibrid avtomobillərin idxal və satışının əlavə dəyər vergisindən azad olunmasını nümunə göstərmək olar. Elektromobillərin doldurulması üçün istifadə olan şarj məntəqələrində də həmin tədbirlər tətbiq olunur. Eyni zamanda, köhnə avtomobillərin idxalının mərhələlərlə məhdudlaşdırılması üçün müəyyən rüsumlar və əmsalların tətbiqi, son dövrlərdə hazırlanan və ümid edirik ki, bu yaxınlarda qəbul ediləcək köhnə avtonəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı proqramının işə düşməsi atmosfer havasına məhz nəqliyyat sektorundan atılan tullantıların azaldılmasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək”.

Ekologiya 2023-06-05 19:30:00