×
A
A
A
Sazlamalar

Madam Tüsso Muzeyi eksponatlarını Budapeştdə nümayiş etdirir

Budapeşt, 5 iyun, AZƏRTAC
Budapeştdə Madam Tüsso Muzeyinin sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ekspozisiya Macarıstan paytaxtının Buda tərəfindəki Palazzo sarayında nümayiş olunur və 51 mum heykəl fiqurundan ibarətdir. Xarici tarixi şəxsiyyətlər və məşhurlarla yanaşı, burada bəstəkar Ferens List, prezident-qubernator Layoş Koşut, siyasətçi İştvan Seçeni, "ən dahi macar" kimi tanınan, şair Şandor Petöfi, macar futbolçu Ferens Puşkaş və digər tanınmış macarlar da daxil olmaqla, Macarıstan nümayəndələrinin 17 mum fiqurunu görmək olar.
Böyük Britaniyanın Budapeştdəki səfiri Pol Foks deyib ki, muzeyin qastrolları həm dünyada tanınmış sərginin genişləndirilməsini, həm də Budapeştin zəngin mədəni irsini və dinamik ruhunu əks edir. Onun sözlərinə görə, Budapeştdə Böyük Britaniya brendi yer alıb, hal-hazırda isə bu, Madam Tüssonun Mərkəzi Avropada yeganə panoptikumudur.
Sərginin interyerlərində bir sıra ölkənin müxtəlif rəmzi binaları və abidələri təqdim olunub. Ziyarətçilər Buda qəsrinin tunelində gəzə, Dunay sahilində ulduzlara tamaşa edə, Balıqçı qalasında helikopter çəkilişlərinə baxa və kurortların xüsusi dünyasına qərq ola bilərlər.
Bir çox digər macar və xarici xadimlərlə yanaşı, Budapeştdəki Madam Tüsso sərgisində Harri Gudini, Bela Luqoşi, Kral Matyaş, Şahzadə Sissi, Kral Müqəddəs İştvan, eləcə də Papa Fransisk, mərhum Kraliça II Elizabet, Beyonse, Sandra Bullok, Corc Kluni, Tom Kruz, Penelopa Kruz, Si Tsinpin, Leonardo Di Kaprio, Robert Dauni (kiçik), Ledi Qaqa, Ronald Reyqan, Stiven Spilberq və Donald Tramp təqdim olunublar.
Standart biletin qiyməti təqribən 30 avrodur.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Mədəniyyət 2023-06-05 18:23:00