×
A
A
A
Sazlamalar

AŞPA-nın həmməruzəçiləri bölgədəki mövcud vəziyyət barədə məlumatlandırılıb

Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycanın və AŞPA-nın əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülhün və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib. Həmçinin görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr üçtərəfli Bəyanatından irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyaslı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.
Görüşdə, eyni zamanda, beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2023-06-05 18:17:00