Cenevrədə BƏT-in 111-ci illik sessiyası keçirilir
Bakı, 5 iyun, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası öz işinə başlayıb. Pandemiyadan sonrakı dövrdə mühüm qlobal sosial məsələlərin müzakirə edildiyi sessiya iyunun 16-dək davam edəcək.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyanın açılışında çıxış edən BƏT-in Baş direktoru Gilbert Hounqbo texnoloji və elmi tərəqqi sayəsində bu gün minlərlə iş yeri yaradıldığını, lakin “dərin köklü” bərabərsizliklərin davam etdiyini bildirib. O, bu sessiyada dayanıqlı və inklüziv iqtisadiyyatlara ədalətli keçid, keyfiyyətli kadr hazırlığı və əməyin mühafizəsi daxil olmaqla, əhəmiyyətli sosial məsələlərin həll edilməsi istiqamətində geniş müzakirələr aparılacağını deyib.
BƏT-in Baş direktoru bildirib ki, texnoloji və elmi tərəqqi yeni iş yerləri açılmasına şərait yaradır. “Bu gün gənclər üçün minlərlə iş yeri açılır, eyni zamanda, məhsuldarlıqda da artımlar təmin edilir. Bununla yanaşı, istisnasız olaraq bütün ölkələr COVID-19 pandemiyası nəticəsində itirilən iqtisadi və sosial qazancları bərpa etməyə çalışır. Aydındır ki, bu səylər hazırda dünyanı təlatüm vəziyyətində qoyan çoxsaylı böhranlar tərəfindən əngəllənir. Buna baxmayaraq, əmək bazarında struktur dəyişiklikləri davam edəcək", -deyə təşkilatın rəhbəri vurğulayıb.
Gilbert Hounqbo əmək bazarında müsbət tendensiyanın davam edəcəyinə əminliyini bildirməklə yanaşı, bəzi “dərin köklü” bərabərsizliklərə diqqət çəkib. O deyib: “Hələ indi də planetimizdə 4 milyarda yaxın insan sosial müdafiəyə möhtacdır, 214 milyon işçi isə yoxsulluq həddinin altında yaşayır. Qadınların bu gün orta hesabla qazancını necə əsaslandıra bilərik? Onlar hələ də kişi həmkarlarına nisbətən bərabər iş üçün saatda 20 faiz az əməkhaqqı alırlar. Mən hesab edirəm ki, biz uşaq əməyinin yenidən ortaya çıxmasına və məcburi əməyin artmasına da seyrçi qala bilmərik. Biz bu cür yarıtmaz hallara, eyni zamanda, ayrı-seçkilik riskinin artmasına və əmək bazarında zorakılıq və təqiblərə sakit baxa bilmərik."
Sessiyada təşkilata üzv ölkələrin əmək nazirləri, ekspertlər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin digər strukturlarının əməkdaşları, işəgötürənlər iştirak edirlər.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb