×
A
A
A
Sazlamalar

“Biganə məşuq” tamaşasının premyerası olacaq – açıqlama

Bakı, 5 iyun, Emil Məlikov, AZƏRTAC
İyunun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası olacaq. Teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.
“İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə və Məmmədağa Əlili Canzadə ifa edirlər. Səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsinin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq. Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır”, - deyə mətbuat katibi qeyd edib.

Mədəniyyət 2023-06-05 15:26:00