Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
Xızı, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 115 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısındakı abidəsini ziyarət ediblər.
Tədbirə toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Anım mərasimində “Şöhrət” ordenli, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mönsüm Bağırov, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə, Əməkdar jurnalist Qafar Əsgərzadə, şairlər İbrahim İlyaslı, Nəcməddin Mürvətov, Ağasəfa, şair Nəbi Xəzrinin yadigarı Arzu Babayev, Leyla Axundzadə və başqaları çıxış edərək, M.Müşfiqin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xəzinə olduğunu vurğulayıblar.
Bildirilib ki, rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif, sovet rejiminin milli adət-ənənələrimizin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Qeyd olunub ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb.
M.Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.
Vurğulanıb ki, M.Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın duyulur.
Sonda şairin şeirlərindən parçalar səsləndirib, ədəbi-bədii kompozisiya təqdim edilib.
Tovuzda qəbiristanlıq ərazisində yanğın baş verib VİDEO
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib