×
A
A
A
Sazlamalar

Fatma Yıldırım: Ətraf mühitlə bağlı ölkəmizdə irimiqyaslı ekoloji layihələr həyata keçirilir

Bakı, 5 iyun, AZƏRTAC

Ətraf mühitin mühafizəsi Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir. Məlumdur ki, hər il iyunun 5-i Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur. Bu barədə qərar BMT Baş Assambleyasının 1972-ci il iyunun 5-də Stokholm şəhərində keçirilən iclasında verilib. Problemin kəskinliyini, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunması qərara alınıb. Ölkəmizdə də ətraf mühitin mühafizəsi məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul olunur və icra edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən islahatlar, irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunub. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradıb. Bütün bunlarla yanaşı, Azərbaycanda ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha təmiz mühitdə yaşamağa imkan yaradır. İqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib.
Deputatın sözlərinə görə, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət göstərir. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Görülən işlərin nəticəsidir ki, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi əhəmiyyətli dərəcədə artırılıb. Eləcə də, yeni milli parklar, dövlət qoruqları və yasaqlıqlar yaradılıb. Ən vacib məqamlardan biri də budur ki, ölkəmizin ərazisində yaşıllaşdırma işləri böyük vüsət alıb. Son illər Bakı ilə yanaşı bölgələrimizdə də milyonlarla ağac əkilib. Həmçinin meşə massivlərinin genişləndirlməsi yönündə əhəmiyyətli işlər görülüb. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanın Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr də çox önəmlidir.
“Məlumdur ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə ekoloji terror törədib, ətraf mühitə də qarşı vandalizm aktı həyata keçirilib. Həmin ərazilərdə təbiətin flora və faunasına çox ciddi ziyan vurulub. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra təbiətə vurulan zərərin aradan qaldırılması, yaşıllıqların bərpa olunması və digər istiqamətlərdə sistemli tədbirlər həyata keçirilir. Şübhəsiz ki, Azərbaycanın ən füsunkar bölgələri olan Qarabağ və Şərqi Zəngəzurda təbiətə vurulan ziyanın nəticələri aradan qaldırılacaq və yenidən bu ərazilər öz təbiət gözəlliyi ilə bütün dünyanı heyrətə gətirəcək”,- deyə Fatma Yıldırım vurğulayıb.

 

 

 

Ekologiya 2023-06-05 14:58:00