Rəqəmsallaşma ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır
Bakı, 5 iyun, AZƏRTAC
Rəqəmsallaşma dünya iqtisadiyyatı üçün yeni imkanlar vəd edir, biznesin daha çevik reallaşdırılmasına və iqtisadi artımın sürətlə baş verməsinə şərait yaradır. Bu səbəbdən özü ilə müsbət nəticələr gətirən iqtisadiyyatın rəqəmsallaşması bir çox ölkələr, o cümlədən Azərbaycanın qarşısında dayanan ən əsas məqsədlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.
O bildirib ki, iqtisadiyyatda rəqəmsal imkanların daha da genişləndirilməsi qarşıda duran əsas hədəflərdən biridir: “Son illər bu sahədə görülən işlərin nəticəsi olaraq bir çox sahələrdə ciddi irəliləyişlər müşahidə olunur. Hesab edirəm ki, rəqəmsallaşma vətəndaşların və KOB subyektlərinin maliyyə, təhsil, səhiyyə və digər sektorlar üzrə xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində prosesləri avtomatlaşdırmağa və əməliyyat xərclərini minimuma endirməyə imkan verir”.
A.Qədəşovun sözlərinə görə, rəqəmsallaşma innovasiyalara yol açır, yeni məhsul və xidmətlərin yaradılmasına təkan verir. Bu da öz növbəsində səmərəliliyi və məhsuldarlığı artırır, iqtisadiyyatın böyüməsini, həmçinin yeni biznes modellərinin, startapların və texnoloji inkişafın daha da genişlənməsini dəstəkləyir.
“Rəqəmsallaşma təkcə iqtisadiyyatın inkişafına töhfə vermir, həm də ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sıradadır. Bu da ölkədə rəqəmsallaşma sahəsində görülən işlərin müsbət nəticə verdiyini deməyə imkan verir”,- deyə o qeyd edib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb