×
A
A
A
Sazlamalar

Bu il Ümumdünya Ətraf Mühit Günü plastik tullantılarla mübarizəyə həsr olunub

Altıağac, 5 iyun, Leyla Muradzadə, AZƏRTAC

Artıq on ildən çoxdur BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirəm, xüsusilə də ətraf mühit və iqlim dəyişmələri istiqamətdə olan layihələrdə çalışmışam. Bildiyiniz kimi, 5 iyun dünyanın bütün ölkələrində, eləcə də bizim ölkəmizdə Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur. BMT-nın İnkişaf Proqramı da bu günün qeyd olunmasına xüsusi önəm verir.
Bu sözləri AZƏRTAC-a Ümumdünya Ətraf Mühit Günü ilə bağlı BMT-nin İnkişaf Proqramında “İqlim dəyişmələrinə milli uyğunlaşma planına dəstək” layihəsinin meneceri Zaur Əliyev deyıb.
Hər il müxtəlif çağırışlar edib, bir çox kampaniyalar həyata keçirdiklərini qeyd edən Z.Əliyev deyib: “İki il öncə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Çimərliyin təmizlənməsi” kampaniyasını həyata keçirmişdik, keçən il BMT-nin İnkişaf Proqramının, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin iştirakı ilə universitet və Qeyri-Hökumət Təşkilatları arasında iqlim dəyişmələri, ətraf mühitin idarə olunması ilə bağlı intellektual oyunlar təşkil etmişdik. Bu il isə Altıağac Dövlət Təbiət Qoruğu ərazisində maarifləndirici tədbirlər həyata keçiririk: təbiətdə davranış qaydaları, onun qorunması barədə məktəbliləri məlumatlandırırıq”.
Bu il Ətraf Mühit Gününün plastik tullantılarla mübarizəyə həsr olunduğunu deyən Zaur Əliyev bu münasibətlə məktəblilər üçün “Plastik tullantılardan nə yaratmaq olar” ustad dərsi təşkil olunduğunu bildirib. O vurğulayıb ki, bu təqvim gününün qeyd olunmasının əsas səbəbi insanları, xüsusi ilə də gəncləri ekoloji fəaliyyətdə aktiv olmağa təşviq etmək, həmçinin ətraf mühitin qorunmasına kömək etməkdir.

Ekologiya 2023-06-05 14:09:00