×
A
A
A
Sazlamalar

Bakıda Avropa və Mərkəzi Asiya xəstəxanalarının gələcəyi müzakirə olunur

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda xəstəxanaların gələcəyi ilə bağlı yüksək səviyyəli regional görüş keçirir.
AZƏRTAC xəbər verir ki, “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbir ÜST-nin Avropa regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndəsini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ÜST-nin Azərbaycandakı ölkə ofisi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində dəstəklədiyi üç günlük tədbirdə xəstəxanaların üzləşdiyi çağırışlar və bu sahədə mövcud imkanlar, tibb müəssisələri üçün gələcək transformasiya, ekoloji cəhətdən dayanıqlı xəstəxanaların yaradılması, rəqəmsal transformasiya, insan resurslarının optimallaşdırılması, xəstəxanalara effektiv rəhbərlik və idarəetmə, eləcə də xəstəxana transformasiyasını ilkin səhiyyəyönümlü sistemlərə yönəltmək kimi bir çox mövzular müzakirə olunur.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı səhiyyə sistemlərində bir çox həssas nöqtələr ortaya çıxdı. Bu sahədəki son fövqəladə hal zamanı ÜST-nin həlledici və strateji rolu bir daha təsdiqləndi.
Nazir 15 il ərzində Azərbaycanın milli səhiyyə sisteminin genişləndirilməsi və inkişafı istiqamətində çox böyük işlər görüldüyünü deyib: “700-ə yaxın tibb müəssisəsi, o cümlədən xəstəxanalar, ambulatoriyalar və səhiyyə ocaqları tikilib və ya əsaslı təmir edilərək, ən müasir səhiyyə texnologiyaları ilə təchiz olunub. 2011-ci ildən ali təhsilin ikinci pilləsi kimi rezidentura proqramına start verilib. Aparıcı ali tibb təhsil ocağı olan Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə universal tibbi əhatəyə doğru mühüm addım atılıb. Onun tətbiqi COVID-19 pandemiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edib”, - deyə nazir vurğulayıb.
Nazir COVID-19 pandemiyası ilə mübarizə zamanı öyrənilən təcrübədən də danışıb: “Azərbaycan hökuməti pandemiya ilə mübarizədə bütün dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrupu yaratdı. Virusun yayılmasının qarşısını almaq üçün səyahət məhdudiyyətləri qoyuldu və effektiv mübarizə tədbirləri həyata keçirildi. Bir neçə ay ərzində COVID-diaqnostika laboratoriyalarının sayı 42-yə yüksəldi, çox qısa müddətdə 11 modul tipli xəstəxana tikildi. Öyrənilən bir digər təcrübə səhiyyənin rəqəmsallaşdırılmasına təcili ehtiyacdır. COVID-19 pandemiyası səhiyyə də daxil olmaqla bir çox xidmətlərin rəqəmsal transformasiyasını gücləndirdi”.
Daha sonra TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ÜST Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. O xatırladıb ki, ölkəmiz bu təşkilata 1992-ci ildə qəbul olunub: “Həmin dövrlər müstəqilliyini yeni bərpa edən Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də problemlər var idı. Xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat məsələləri və digərlərini misal çəkə bilərəm. Həmin illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə mühüm islahatlar başladı və ÜST-lə əməkdaşlığımız quruldu”, - deyib.
V.Qurbanovun xəstəxanaların səhiyyə sistemində mühüm rol oynadığını və onların fəaliyyətini dəyişən tələblərə uyğunlaşdırmaq istiqamətində davamlı işlər görüldüyünü bildirib: “Xəstəxana sektorunda əsas problemlərin aradan qaldırılması, idarəetmənin təkmilləşdirilməsi ehtiyaclarını müəyyən etmək vacibdir. Xəstəxanada davamlı öyrənmə və innovasiyanı dəstəkləyən mühitin yaradılması, tibb işçiləri arasında pasiyentə müasir qayğı metodlarını aşılamaq, eləcə də xəstəxana işçilərinin sağlamlığını və rifahını təmin etmək istiqamətində üzərimizə məsuliyyət düşür”.
ÜST-nin Avropa üzrə regional ofisinin ölkə səhiyyə siyasəti və sistemləri departamentinin direktoru Nataşa Azzopardi Muskat öz çıxışında hər bir xəstəxananın xüsusi və unikal olduğunu diqqətə çatdırıb: “Xəstəxana bizim üçün sadəcə xidmət göstərilən bina deyil. Xəstəxana aid olduğu cəmiyyətin bir hissəsidir. Bura insanların hər gün gəldiyi iş yeridir. Bura ailələrin yaxınlarının sağalacağına, özünü daha yaxşı hiss edəcəyinə ümid edərək gəldiyi məkandır. Bütün bunlarla yanaşı, xəstəxanalar Avropa regionunda səhiyyə sisteminin transformasiyasının əsas hərəkətverici qüvvəsi rolunu oynayır”.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı isə öz çıxışında xəstəxanalar sahəsində transformativ dəyişikliyin əhəmiyyətini vurğulayıb: “Xəstəxanalar səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir və bizim xəstəxanaların problemlərini həll etməyə yönələn səylərimiz, habelə inkişaf imkanlarına dəstəyimiz olduqca vacibdir. Bu görüş də öz növbəsində Avropadakı xəstəxanaların gələcəyini birgə formalaşdırmaq üçün ekspertləri və maraqlı tərəfləri bir araya gətirməkdə platforma rolunu oynayır."
Tədbirin son günü Azərbaycanın səhiyyə sisteminə həsr olunacaq. Belə ki, müzakirələrdə əsas diqqət ölkənin bu sahədəki xüsusi ehtiyaclarının müəyyənləşdirilməsinə və dəstəyin, həll yollarının göstərilməsində ÜST-nin rolunun müəyyənləşdirilməsinə yönəldiləcək. Bu sessiya yerli və beynəlxalq iştirakçıların, həmçinin ÜST ekspertlərinin fəal iştirakı ilə baş tutacaq, eyni zamanda xəstəxanalar sahəsində ölkənin səhiyyə ehtiyaclarının həllinə hərtərəfli və birgə yanaşmanı təmin edəcək.
Bu yüksək səviyyəli regional görüş Avropada xəstəxanaların üzləşdiyi əsas problemlərin həllində irəliyə doğru atılmış mühüm addımdır.

Səhiyyə 2023-06-05 14:03:00