×
A
A
A
Sazlamalar

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Bakı, 5 iyun, AZƏRTAC

XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XIX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.
AZƏRTAC xəbər verir ki, problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.
Bəşəriyyət çox uzun müddətdir ki, Yer planetinin ekosistemlərini istismar edir və məhv edir. Hər üç saniyədə dünya futbol meydançası böyüklüyündə meşə sahəsi itirir. Son əsrdə planetin bataqlıq ərazilərinin və mərcan riflərinin yarısı məhv edilib. Ekosistemlərin itirilməsi dünyanı meşələr və torf torpaqları kimi “karbon yuvalarından” məhrum edir. Son üç ildir ki, qlobal istixana qazları emissiyaları ardıcıl olaraq artıb. Demək olar ki, planet mümkün fəlakətli iqlim dəyişikliyinin bir addımındadır. Atmosferin temperaturu çox sürətlə yüksəlir, ona görə də insanlar və təbiət buna uyğunlaşa bilmir. Yaşayış mühitinin itirilməsi bir milyona yaxın növü məhvolma ilə təhdid edir, biz isə havanı, torpağı və suyu çirkləndirməyə davam edirik. Problemin həlli iqtisadiyyatımızın və cəmiyyətimizin transformasiyasındadır. Onlar əhatəli, ədalətli və təbiətlə əlaqəli olmalıdırlar. Biz planeti incitməkdən onu sağaltmağa keçməliyik.
Bu günün qeyd edilməsi də hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və planetin təbii həyatı dəstəkləmə sistemlərinə artan təzyiqin qırılma nöqtəsinə çatmasının qarşısını almaq üçün mümkün qədər çox insanı hərəkətə keçməyə təşviq etmək üçün nəzərdə tutulub.
Bu gün ənənəvi olaraq velosiped yürüşləri, məktəblərdə inşa və plakat müsabiqələri, ağacəkmə aksiyaları, tullantıların bərpası və təmizlənməsi kampaniyaları və s. kimi rəngarəng tədbirlərlə qeyd olunur.
Hər il bir deviz altında qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün builki şüarı “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası”dır.
Dünya ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ətraf mühitin çirklənməsinə səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən kütləvi ağacəkmə aksiyaları, reintroduksiya layihələri birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.
Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür. Ətraf mühitin mühafizəsi tədbirlərində IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi də aktiv iştirak edir.
Son illər qarşıda duran əsas prioritetlər arasında azad edilmiş ərazilərin ətraf mühitinin bərpası ön sıradadır. Həmin ərazilər minalardan təmizləndikcə görülən işlərin miqyası da genişlənir.



Ekologiya 2023-06-05 13:14:00