×
A
A
A
Sazlamalar

Vüqar Qurbanov: Xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiqamətində çalışırıq

Bakı, 5 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur.
AZƏRTAC xəbər verir ki, bunu “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
V.Qurbanov xəstəxanaların səhiyyə sistemində mühüm rol oynadığını və onların fəaliyyətini dəyişən tələblərə uyğunlaşdırmaq istiqamətində davamlı işlər görüldüyünü deyib: “Xəstəxana sektorunda əsas problemlərin aradan qaldırılması, idarəetmənin təkmilləşdirilməsi ehtiyaclarını müəyyən etmək vacibdir.
Xəstəxanada davamlı öyrənmə və innovasiyanı dəstəkləyən mühitin yaradılması, tibb işçiləri arasında pasiyentə müasir qayğı metodlarını aşılamaq, eləcə də xəstəxana işçilərinin sağlamlığını və rifahını təmin etmək istiqamətində üzərimizə məsuliyyət düşür.
Hazırda xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiqamətində çalışırıq. Mövcud proseslərin və sistemlərin məqsədlərimizə uyğun şəkildə effektiv işləməsini təmin etməyə xüsusi diqqət yetirilir. Bu, özündə yeni texnologiyaların tətbiqini, yeni maliyyələşmə mexanizmlərinin müəyyən olunmasını, infrastrukturun təkmilləşdirilməsini, işçi heyəti üçün iş yükünün azaldılması və resurslardan səmərəli istifadəni əhatə edir.
Tibb müəssisələrinin strateji dəyişikliyi fonunda xidmət təkliflərinin genişləndirilməsi, yeni qayğı modellərinin, yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi əsas hədəflərdəndir.
Eyni zamanda xəstəxanalarda ictimai səhiyyəyə yeni yanaşmaların həyata keçirilməsi, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət təmin edilir.
COVID-19 pandemiyası dəyişikliyə uyğunlaşmanın zərurətini meydana çıxardı və biz konkret addımları, prioritetləri müəyyən edə bildik”.
V.Qurbanov qeyd edib ki, kənd və ucqar ərazilərdəki tibb məntəqələrinin infrastrukturunun yararsız olması, kadr çatışmazlığı kimi problemlər mövcuddur. Bu da orada məskunlaşan əhalinin haqlı narazılığına səbəb olur. Yerli səhiyyə qurumları ilə birlikdə, eyni zamanda, beynəlxalq humanitar təşkilatların da dəstəyi ilə bu problemləri aradan qaldırmaq mümkündür.
Qabaqcıl təcrübə və vasitələrin mənimsənilməsi səmərəliliyi artıracaq və gələcək hədəflərimizə çatmağa dəstək olacaq.

 

 

 

Səhiyyə 2023-06-05 11:44:00