×
A
A
A
Sazlamalar

Doğma ağaclar

Bakı, 5 iyun, AZƏRTAC

Hər il iyunun 5-i Ətraf Mühit Günü kimi qeyd edilir. Bizi əhatə edən torpaq, su, hava, ekoloji mühit ətraf mühitin tərkib hissələri hesab olunur, elə təbiətin “yaşıl ciyəri” hesab olunan ağaclar da…
AZƏRTAC-ın müxbiri Süleyman Qaradağlı ağaclarla yazıçılar arasındakı doğma münasibətdən, əsərlərində onlara necə yer ayırmaları və s. barədə bəhs edir.
“Hər kəsin ulduzu var” – deyirlər, bəs hər kəsin ağacı necə? Ehtimal ki, bu suala müsbət cavab verənlər çox olacaq. Çünki bizim həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır. Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli bir rol oynadığını təsdiq edə bilərlər. Kənd uşaqlarının çoxunun beşiyi ağacın altında qurulub, yüyürüyü ağacdan asılıb. Ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyümüşük.
Ağac elə təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki? Ağac ev üçün ən yaxşı tikinti materialıdır, döşəmə, sürahi, pilləkən ağac materialla inşa edilir. Ağac odun-ocaqdı, qışda cırtacırtla yanan odun sobasından gözəl nə ola bilər? Ağac beşikdə böyüdüyümüz kimi qocalanda da ağac tabuta girib dünyadan köçürük. Deməli, doğulandan son mənzilə qədər ağac bizim yol yoldaşımız, dostumuz, bəlkə də sirdaşımızdır. Bəlkə də elə buna görə dünyadan nakam gedən şair Akif Səməd məşhur şeirlərindən birində “Ağac yaxın, daş doğmadı, adamdan Akif Səmədə” deyirdi.
Elə sənət adamı, elə yazıçı və şair var ki, onun adını çəkəndə hansısa bir ağac xatırlanır. Məsələn, rus şairi Sergey Yesenin adını çəkəndə ağcaqayın, Rəsul Rza və Nəbi Xəzrinin adının çəkilməsi çinar, Toğrul Nərimanbəyovun adı nar ağacını yada salır. Rəsul Rzanın çinar ağacına yazdığı şeirlərdən başqa digər şeirlərində də çinar ağacının adı tez-tez çəkilir.
Çinar elə bir ağacdır ki, onu bir çox yazıçılar böyük məhəbbətlə vəsf ediblər. Mərhum xalq yazıçısı Sabir Əhmədov da doğma Cəbrayıldakı nəhəng çinarı tez-tez xatırlayırdı. Kənd həyatını ustalıqla təsvir edən yazıçının əsərlərində kəhrizin üstündəki tut ağacı da tez-tez yad edilir.
Dramaturq kimi ədəbiyyata əvəzsiz xidmətlər göstərən İlyas Əfəndiyevin yaradıcılığında təbiət əsas yerlərdən birini tutur. Onun məşhur “Söyüdlü arx” romanını xatırlamaq kifayətdir.
Məğrur və dözümlü palıd ağacı yazıçı İsi Məlikzadəyə çox doğmadır. “Dədə palıd” romanının müəllifinin digər əsərləri də bunu sübut edir. Təbiət mövzusu Xalq şairi Məmməd Arazın da yaradıcılığından qırmızı xətlə keçir. Şeirlərində müxtəlif ağacların adını çəkən və onlara çox gözəl poetik dəyər verən Musa Yaqub üçün də təbiət çox doğmadır. Həyətində dağdağan ağacı bitən şairin şeirlərində həmin ağaca həsr edilmiş xeyli şeir var. “Yenə o bağ olaydı...” şeiri Mikayıl Müşfiq üçün üzüm tənəyini doğma hesab etməyə əsas verir.
Xalq şairi Ramiz Rövşənin yaradıcılığı üçün kötüyü simvol kimi qəbul etmək olar:
Başı kəsik gözəl kötük,
sızldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq...
Əlbəttə, nəinki şair və yazıçılar üçün, bəlkə də hər kəs üçün doğma olan hansısa ağac var. Onu bizə doğmalaşdıran yolumuzun üstündə bitməyi, ətrafında böyüməyimiz, xasiyyətimizdəki müəyyən uyğunluqlar, bənzəyişlər və s. ola bilər. Bizə doğma olan ağacları əzizləməyə və sevməyə dəyər...

Mədəniyyət 2023-06-05 10:54:00