×
A
A
A
Sazlamalar

Teymur Musayev: Son 15 il ərzində Azərbaycanın səhiyyə sisteminin inkişafı istiqamətində çox böyük işlər görülüb

Bakı, 5 iyun, AZƏRTAC

Koronavirus pandemiyası zamanı səhiyyə sistemlərində bir çox həssas nöqtələr ortaya çıxdı. Bu sahədəki son fövqəladə hal zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həlledici və strateji rolu bir daha təsdiqləndi.
AZƏRTAC xəbər verir ki, bunu “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbirdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, son 15 il ərzində Azərbaycanın milli səhiyyə sisteminin genişləndirilməsi və inkişafı istiqamətində çox böyük işlər görülüb: “700-ə yaxın tibb müəssisəsi, o cümlədən xəstəxanalar, ambulatoriyalar və səhiyyə ocaqları tikilib və ya əsaslı təmir edilərək, ən müasir səhiyyə texnologiyaları ilə təchiz olunub. 2011-ci ildən ali təhsilin ikinci pilləsi kimi rezidentura proqramına start verilib. Aparıcı ali tibb təhsil ocağı olan Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. 2020-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə universal tibbi əhatəyə doğru mühüm addım atılıb”, - deyə nazir vurğulayıb.
Nazir, eyni zamanda, COVID-19 pandemiyası ilə mübarizə zamanı öyrənilən təcrübədən danışıb: “ÜST-nin COVID-19-u pandemiya elan etməsindən qısa müddət sonra Azərbaycan hökuməti pandemiya ilə mübarizədə bütün dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrupu yaratdı. Virusun yayılmasının qarşısını almaq üçün səyahət məhdudiyyətləri qoyuldu və effektiv mübarizə tədbirləri həyata keçirildi. Bir neçə ay ərzində COVID-diaqnostika laboratoriyalarının sayı 42-yə yüksəldi, çox qısa müddətdə 11 modul tipli xəstəxana tikildi. Öyrənilən bir digər təcrübə səhiyyənin rəqəmsallaşdırılmasına təcili ehtiyacdır. COVID-19 pandemiyası səhiyyə də daxil olmaqla bir çox xidmətlərin rəqəmsal transformasiyasını gücləndirdi”.
Eyni zamanda, nazir keçirilən tədbirin səhiyyə sistemlərinin gələcək ictimai sağlamlıq problemləri üçün funksionallığının hazırlanmasında daha bir addım olacağını vurğulayıb: “İnanıram ki, tədbir real həllərin işlənib hazırlanması və innovativ gələcəyə baxışının formalaşdırılması üçün faydalı olacaq”.

Səhiyyə 2023-06-05 10:46:00